Repeated Higher Education

Azərbaycan Universitetində təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə sənəd qəbulu prosesinə 29 may 2024-cü il tarixindən başlanılıb. Azərbaycan Universitetində təkrar ali təhsil almaq üçün müraciət etmək istəyənlər https://portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür. Sənəd qəbulu 30 avqust 2024-cü il saat 18.00-da başa çatacaq. 

Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (yaxud ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə edir, tələbənin baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. 

Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, şəxs həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur. 

Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.

Azərbaycan Universitetində təkrar ali təhsil qiyabi təhsil formasında (axşam və ya gündüz növbəsi, həftənin 6 günü) aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • 050616 İnformasiya texnologiyaları
  • 050402 Biznesin idarə edilməsi 
  • 050407 Marketinq 
  • 050409 Mühasibat 
  • 050807 Sosial iş 
  • 050810 Turizm işinin təşkili 

Təkrar ali təhsil yalnız ödənişli formada, təkrar ali təhsil almaq istəyən şəxs və ya onun işlədiyi idarə və təşkilatlarla bağlanmış müqavilə əsasında həyata keçirilir. Təhsil haqqı bütün ixtisaslar üzrə Azərbaycan vətəndaşları üçün illik 2000 (AZN) manat; əcnəbilər üçün 3400 (AZN) manat məbləğindədir.

Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə və nazirlik tərəfindən müəyyən olunmuş tarixlərdə elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ portalı vasitəsilə təqdim etməli, daha sonra isə office@au.edu.az elektron poçtuna göndərməlidirlər. Sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. Təhsil Azərbaycan və ingilis dillərində aparılır.

Xarici ölkələrdə ali təhsil almış şəxslər, əcnəbilər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 

Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • İş yerindən arayış
  • 4 ədəd 3x4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış

Daha ətraflı məlumat üçün 

  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
  • Tel.: (+99412) 431 41 12/13/16 (118), (+994) 50 268 38 40