EVENTS
Tələbələr arasında “Ey Vətən” adlı bilik yarışı keçiriləcək
02
04
Azərbaycan Universitetinin tələbələri arasında “Ey Vətən” adlı bilik yarışı keçiriləcəkdir. Yarışın məqsədi tələbələrin suverenlik anlayışı, Azərbaycanın dövlət müstəqilliyinin əsasları, Azərbaycan Respublikasının Konstitusiyasının əsas maddələri, Qarabağın tarixi və mədəniyyəti, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Yarışa komanda şəklində qoşulmaq lazımdır. Komanda 1 nəfər kapitan olmaqla 5 iştirakçıdan ibarət olmalı və hər komandada hər üç fakültə (Biznes və iqtisadiyyat fakültəsi, Humanitar və sosial elmlər fakültəsi, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi) təmsil olunmalıdır.
Bilik yarışı aşağıda qeyd olunan mövzular üzrə keçiriləcəkdir:
- Azərbaycan Respublikasının Konstitusiyası
- Tarixdə, ədəbiyyatda, incəsənətdə Qarabağ: dünən və bu gün
- Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış
- İqtisadiyyat və İKT
- Ümumi dünyagörüşü
Kapitanlar yarışda iştirak etmək istədiklərinə dair qeydiyyat vərəqəsini, həmçinin mövzular haqqında daha ətraflı məlumatı İctimaiyyətlə əlaqələr şöbəsindən (IV mərtəbə, 518 nömrəli otaq) əldə edə bilərlər.
Müraciət üçün son tarix 15 aprel 2025-ci ildir. Yarış 1 may 2025-ci il tarixində keçiriləcək və saat 10.00-da 212 nömrəli auditoriyada başlayacaq.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi