NEWS

Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

25 september 2026

Baxış sayı: 9

Azərbaycan Universitetində 27 Sentyabr  - Anım Gününə həsr olunmuş “Əbədi xatirə” adlı tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Protokol və tədbirlərin təşkili üzrə meneceri Əbülfəz Məmmədzadə, Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Hüseyn Rüstəmli, Dövlət Gömrük Komitəsinin Akademiyasının TGT sədri Oruc Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin TGT sədri Ziya Məstanov çıxış ediblər. Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən və zəfərlə başa çatan Vətən müharibəsindən, Anım Gününün təsis edilməsinin tarixindən və mahiyyətindən bəhs olunub, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, eləcə də tələbə təşkilatlarının bu istiqamətdə birgə əməkdaşlığının vacibliyi vurğulanıb.

Tədbir çıxışların ardından “Zəfərin varisləri: tarixi yaddaş və gəncliyin mənəvi məsuliyyəti” mövzusunda panel müzakirə ilə davam edib. Panelin spikerləri  Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, hərbi instruktor, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi qazisi İlkin Ağazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınksi olub.

İlkin Ağazadə çıxışında Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, gənclərin tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun yaşadılmasındakı rolundan bəhs edib, müharibə iştirakçısı kimi öz təcrübə və xatirələrini bölüşüb.

Elvin Talışınski isə informasiya müharibəsinin məqsədi və istiqamətləri, rəqəmsal platformalarda düzgün və etibarlı məlumatın yayılmasının vacibliyindən danışıb. Müharibələrin yalnız səngərdə deyil, rəqəmsal müstəvidə də aparıldığını qeyd edən spiker informasiya cəbhəsində gənclərin rolu, media savadlılığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda faktlara əsaslanaraq çatdırılmasının strateji əhəmiyyətini vurğulayıb.

İnteraktiv formatda keçirilən panel müzakirəsində spikerlər tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb, rəqəmsal və mənəvi cəbhədə vətənpərvərlik mövzusunda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS