NEWS
SPTM Mərkəzi Süleyman Demirel Universiteti ilə birgə tədbir keçirib
Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru, Sosial işin təşkili kafedrasının müəllimi Aygün Muradlı Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirdə “Azərbaycanda qadınların hüquqlarının təminatı və zorakılıqla mübarizə: insan hüquqları kontekstində yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Tədbir Türkiyənin Süleyman Demirel Universiteti ilə birgə onlayn formatda təşkil olunub. Sosial iş ixtisasında təhsil alan tələbələrin iştirakı ilə baş tutan tədbirdə günün mahiyyəti müzakirə edilib, sosial işin qadın hüquqlarının qorunmasında və zorakılığa qarşı mübarizədəki rolu vurğulanıb.
Aygün Muradlı məruzəsində Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətindəki hüquqi çərçivə və mövcud problemlər, bu istiqamət üzrə görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan 1995-ci ildə CEDAW Konvensiyasına (Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya) qoşulub, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu qəbul etməklə üzərinə məişət zorakılığına qarşı mübarizə aparmaq öhdəliyi götürüb.
Məruzədə bildirilib ki, Azərbaycan qadın hüquqlarının gücləndirilməsi üçün milli strategiyalar həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların sosial və iqtisadi həyatda iştirakını artırmaq, onların hüquqlarını qorumaq və zorakılığın qarşısını almaq üçün fəaliyyət göstərir. Bu sahədə icmaların rolu da artırılıb, xüsusilə məişət zorakılığı qurbanlarının reabilitasiyası və reinteqrasiyası üçün sosial dəstək mexanizmləri gücləndirilib.
Mərkəzin direktoru çıxışında Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınlara qarşı zorakılığın tamamilə aradan qaldırılması üçün görülməli olan tədbirləri də diqqətə çatdırıb.
Qeyd edək ki, Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü BMT Baş Assambleyası tərəfindən 1999-cu ildə elan edilib. Beynəlxalq günün şüarı bu il “16 günlük aktivizm: #NoExcuse. UNiTE to End Violence against Women” olaraq müəyyənləşdirilib. Bu şüar dünyanın hər yerində zorakılıqla mübarizənin vacibliyini və bütün insanların bir araya gələrək bu problemə qarşı mübarizə aparmalarının önəmini vurğulayır.
İctimaiyyətlə əlaqələr şöbəsi