NEWS

Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov Türkiyədə keçirilən “Vətənin müdafiəsində ailə və əhali” mövzusunda IV Beynəlxalq Ailə Simpoziumunda iştirak edib. Simpozium İstanbul Valiliyi, Milli Müdafiə Universiteti və Ailə Fondunun əməkdaşlığı ilə təşkil olunub.  

Abbas Qurbanov beynəlxalq tədbirdə “Azərbaycan ailəsində dəyərlər böhranı və mənəvi dirçəliş perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə ailə institutunun qarşılaşdığı mənəvi və sosial çağırışlar, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti, qloballaşmanın ailə münasibətlərinə təsiri, gənc nəslin tərbiyəsində ailənin rolu və mənəvi dirçəlişin əsas istiqamətləri geniş şəkildə təhlil olunub.

Məruzədə qeyd olunub ki, ailə yalnız sosial institut deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və ictimai sabitliyin əsas dayaqlarından biridir. Azərbaycan ailə modelinin qorunması, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi və sağlam ailə dəyərlərinin gücləndirilməsi cəmiyyətin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, müasir informasiya axını, sürətli sosial transformasiyalar və fərdiyyətçi həyat tərzinin yayılması ailə münasibətlərində müəyyən dəyərlər böhranı yaradır. Bu baxımdan ailə institutunun möhkəmləndirilməsi, mənəvi tərbiyənin gücləndirilməsi, gənclərin milli və mənəvi dəyərlər əsasında yetişdirilməsi vacib məsələlərdən biri kimi ön plana çıxır. 

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Universitetində keçirilən simpoziumun 14 bölmə iclasında 6 ölkədən 49 məruzə dinlənilib. Beynəlxalq tədbirdə əhalinin artım tempinin azalmasının yalnız sosial məsələ deyil, birbaşa milli təhlükəsizlik problemi olduğu vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS