NEWS
Ali təhsilin gələcəyinə həsr olunmuş beynəlxalq konfransın işi yekunlaşıb
Bakıda Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı beynəlxalq konfrans keçirilib. Tədbir ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsirinin müzakirəsi üçün mühüm platforma olub.
Konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, həmçinin əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin təşviq edilməsidir. Yerli və xarici tədqiqatçıların böyük maraq göstərdiyi tədbirin elmi komitəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlər təmsil olunub. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edib.
Tədbirdən əvvəl universitet rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq tədbiri Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qeyd edib ki, Azərbaycanın ali təhsil sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində təhsil dövlət quruculuğunun prioritetlərindən birinə çevrilib. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər sahələrə göstərilən ardıcıl diqqət və dəstək bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.
Rektor çıxışında qeyd edib ki, ali təhsil sistemi tarixi transformasiya mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və dəyişən əmək bazarı bu sahədə ciddi dəyişikliklərə səbəb olur. Ali təhsil artıq yalnız bilik ötürən sistem deyil, innovasiya yaradan, tənqidi düşüncəni formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dinamik bir ekosistemdir. Bu baxımdan konfransın mövzusu olan “qlobal baxış və lokal təsir” yanaşması xüsusi əhəmiyyət kəsb edir və çox əhəmiyyətli bir ideyanı özündə birləşdirir. Biz beynəlxalq təcrübələri öyrənməli, qabaqcıl modelləri mənimsəməli, lakin eyni zamanda onları yerli kontekstə uyğunlaşdıraraq real təsir yaratmalıyıq. Çünki hər bir universitet yalnız qlobal sistemin bir hissəsi deyil, həm də öz cəmiyyətinin inkişafında mühüm rol oynayan bir mərkəzdir.
Səadət Əliyeva bildirib ki, müasir dövrdə elmi tədqiqatın rolu daha da artır. Universitetlər bilik istehsal edən və innovasiyaları təşviq edən əsas platformalara çevrilməlidir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq, multidissiplinar yanaşma və elmi şəffaflıq prinsipləri xüsusi əhəmiyyət daşıyır.
Rektor həmçinin bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Universiteti bu il 35 illik yubileyini qeyd edir. “Biz 35 illik fəaliyyət yoluna nəzər salırıq. Bu illər ərzində qazandığımız təcrübə bizə göstərir ki, davamlı inkişaf yalnız dəyişikliklərə açıq olmaqla mümkündür. Məhz bu səbəbdən biz bu gün burada gələcəyin ali təhsil modelini birlikdə müzakirə edirik”, - deyə rektor çıxışını yekunlaşdırıb.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər. Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, qlobal rəqabət mühitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunulub.
Açılış mərasimindən sonra konfrans iki plenar sessiya ilə davam edib. Hər iki sessiyaya universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov rəhbərlik edib. Birinci plenar sessiyada Türkiyənin TED Universitetinin professoru Kürşat Çağıltay “Is Artificial Intelligence the New Savior of Higher Education?” (Süni intellekt ali təhsilin yeni xilaskarıdırmı?) mövzusunda çıxış edərək süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri barədə geniş təhlil təqdim edib. İkinci plenar sessiyada isə Böyük Britaniyanın Middlesex Universitetinin professoru Paul Gibbs “Thinking, AI and the future of the scholar” (Düşüncə, süni intellekt və tədqiqatın gələcəyi) adlı məruzəsi ilə akademik fəaliyyət və sahibkarlıq yanaşmaları arasında balans məsələlərinə diqqət çəkib.
Fasilədən sonra konfrans öz işini müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclaslarında davam etdirib. İclaslarda ali təhsildə rəqəmsal transformasiya, innovasiya və tədqiqatın inkişafı, bilik transferi, qloballaşma və beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, sosial məsuliyyət və bərabərlik, həmçinin idarəetmə, keyfiyyət təminatı və gələcəyin bacarıqları kimi aktual istiqamətlər üzrə aparılan elmi tədqiqatların nəticələri təqdim olunub, geniş müzakirələr aparılıb.
“The Future of Higher Education: Global Perspectives, Local Impact” beynəlxalq konfransı bağlanış mərasimi ilə yekunlaşıb. Mərasimdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov bölmə iclaslarında müzakirə olunan mövzular və əldə olunan nəticələr haqqında məlumat verib, həmçinin konfransın yekun bəyannaməsini elan edib. Prorektor universitet rəhbərliyi və təşkilat komitəsi adından tədbirin yerli və xarici iştirakçılarına təşəkkür edib, konfransın ali təhsil sahəsində yeni təşəbbüslərin və əməkdaşlıqların formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
BAĞLANIŞ BƏYANNAMƏSİ
“The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) beynəlxalq konfransı
Biz, “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı beynəlxalq konfransın iştirakçıları olaraq, məhsuldar müzakirələr və fikir mübadiləsi əsasında aşağıdakı öhdəliklər barədə razılığa gəlirik:
- Ali təhsildə rəqəmsal transformasiyanın inkişafı
Biz tədris, təlim və elmi tədqiqat proseslərinə innovativ rəqəmsal texnologiyaların, o cümlədən süni intellektin inteqrasiyasını təşviq edir, eyni zamanda etik standartların qorunmasını, məlumatların təhlükəsizliyini və akademik dürüstlüyü təmin etməyi öhdəmizə götürürük.
- Beynəlxalq əməkdaşlığın gücləndirilməsi
Biz birgə elmi-tədqiqat təşəbbüsləri, ikili diplom proqramları, akademik mobillik və ortaq təhsil resursları vasitəsilə davamlı qlobal tərəfdaşlıqların inkişafını dəstəkləyəcəyik.
- İnklüziv və bərabər təhsil imkanlarının təşviqi
Biz ali təhsilə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayır, az təmsil olunan qrupların dəstəklənməsi, əlçatanlığın artırılması və sosial-iqtisadi maneələrin azaldılması istiqamətində fəaliyyət göstərəcəyik.
- Təhsilin keyfiyyətinin və aktuallığının artırılması
Biz əmək bazarının tələblərinə və cəmiyyətin çağırışlarına uyğun olaraq fənlərarası, səriştə əsaslı və çevik təhsil modellərinin tətbiqi ilə kurikulumların müasirləşdirilməsini təmin edəcəyik.
- Davamlı dialoq və təsirin təmin edilməsi
Biz müntəzəm forumlar, birgə nəşrlər və izləyici fəaliyyətlər vasitəsilə əməkdaşlığın davamlılığını qorumağa, həmçinin bu öhdəliklərin icrası üzrə irəliləyişin monitorinqini həyata keçirməyə razıyıq.
İctimaiyyətlə əlaqələr şöbəsi




















































