NEWS

Almaniyalı professor Azərbaycan Universitetinin tarixçi tələbələri ilə görüşüb

Almaniyalı professor Azərbaycan Universitetinin tarixçi tələbələri ilə görüşüb

05 october 2015

Baxış sayı: 6104

Almaniyanin Heidelberg Universitetinin professoru, Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri xanım Barbara Helvin Azərbaycan Universitetində tarix ixtisası üzrə təhsil tələbələrlə görüşüb. Xanım Helvin ekspedisiya tərəfindən Mil-Qarabağ bölgəsində aparılan arxeoloji tədqiqatlara dair təqdimatla çıxış edib.
Qonaq çıxışında Ağcabədi rayonu ərazisində yerləşən Kamiltəpə qədim yaşayış məskənində aparılan qazıntılara xüsusi yer ayırıb. Xanım professor bildirib ki, qazıntılar zamanı burada çiy kərpicdən inşa olunmuş və Neolit dövrünə aid dairəvi tikili qalığı açılaraq öyrənilib.  Yan divarlarının hündürlüyü 3 metrə yaxın olan bu tikili Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verir. Burada tapılan və Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri də böyük maraq doğurur.
Barbara Helvin ərazidə aşkarlanan yeraltı həndəklər haqqında da məlumat verərək bildirib ki, bu, indiyə kimi Qafqaz ərazisində aparılan qazıntılar zamanı rast gəlinən ilk faktdır. İlkin olaraq xəndəklərin su arxı olması ehtimal edilib. Lakin qazıntılar zamanı məlum olub ki,  xəndəyin divarları kərpiclərlə hörülüb. Burada ortaya çıxarılan abidələrin içində ən çox yaşı olanı bu xəndək sistemidir. Sistemin Miladdan əvvəl 6 min il əvvələ aid olduğu ehtimal edilir.
Mil-Qarabağ düzənliyində aparılan ardıcıl tədqiqatlar göstərir ki, neolit və eneolit dövrlərində bu ərazi əlverişli təbii-coğtafi şəraitə, münbit landşafta, xüsusilə şirin su qaynaqlarına malik olub. Bunlar isə öz növbəsində bölgədə gur, qaynar həyatı şərtləndirib. Təsərrüfatın inkişafı nəticəsində burada oturaq əkinçilik mədəniyyəti formalaşıb.
Görüşdə Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, İctimai elmlər kafedrasının müdiri Yaşar Əhmədov, kafedranın müəllimləri professor Qabil Əliyev, Humanitar fənlər fakültəsinin dekan köməkçisi Tariyel Qəni və digər müəllimlər də iştirak edib.
Xanım Barbara Helvin görüşdən əvvəl Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovu da ziyarət edib.
Qeyd edək ki, Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində işləyir. İndiyə qədər xronoloji baxımdan neolit dövründən son orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 174 abidə qeydə alınıb. Azırbaycan Universitetində Tarix ixtisası üzrə təhsil alan bir qrup tələbə prof. Qabil Əliyevin rəhbərliyi ilə 2014 və 2015-ci ilin iyul-avqust aylarında burada arxeoloji təcrübə keçib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
05.10.2015

OTHER NEWS