NEWS

Azərbaycan Universitetinin kollektivi şəhid məzunu Fəxrəddin Qurbanlının il mərasimində iştirak edib

Azərbaycan Universitetinin kollektivi şəhid məzunu Fəxrəddin Qurbanlının il mərasimində iştirak edib

03 april 2017

Baxış sayı: 4782

Azərbaycan Universitetinin kollektivi Azərbaycan ordusunun şəhid əsgəri, Azərbaycan Universitetinin məzunu Fəxrəddin Qurbanlının il mərasimində iştirak edib. Universitetin rektoru Səadət Əliyeva, prorektor Ağamalı Ağamalıyev, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, bir qrup müəllim - tələbə kollektivi, qrup yoldaşları şəhidin doğmalarına, əzizlərinə başsağlığı verib, onlara səbr diləyib.

Universitet kollektivi daha sonra şəhidin dəfn olunduğu məzarlığı ziyarət edib, məzarı üstünə əklil qoyulub. Burada şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. 

Qeyd edək ki, şəhid Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.

2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.

2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 9 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhidin medalı Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən ailəsinə təqdim olunub.

Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd proqramı 2016/2017-ci tədris ilindən etibarən tətbiq olunur. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İctimaiyyətlə əlaqələr şöbəsi
03.04.2017 

OTHER NEWS