NEWS

Azərbaycan Universitetində Qərib Azər ilə görüş olub

Azərbaycan Universitetində Qərib Azər ilə görüş olub

04 may 2016

Baxış sayı: 4593

Azərbaycan Universitetində tanınmış jurnalist, blogger və səyyah Qərib Azər (Azər Qəribov) ilə görüş olub. Sual-cavab formatında baş tutan görüşdə qonaq səhayət etdiyi ölkələrlə bağlı təəssüratlarını müəllim-tələbə kollektivi ilə bölüşüb.
Tələbələri maraqlandıran sualları cavablandırarkən Qərib Azər qeyd edib ki, onun xaricə ilk səfəri Sovet dövrünə təsadüf edib. 1984-cü ildə baş tutan bu səyahət Macarıstana olub. Macarıstan onu yaşadığı ölkə ilə müqayisədə yaxşı mənada xeyli təəccübləndirib.  
Azərbaycanda turizmin inkişaf strategiyası ilə bağlı sualı cavablandırarkən qonaq turizm sektorunun inkişafı üçün müəyyən addımlar atıldığını bildirib: “Ancaq görülən tədbirlər turizm sənayesinin inkişafı üçün kifayət etmir. Ölkədə çoxlu sayda 5 ulduzlu otel var. İnkişaf orta təbəqə turistin nəzərə alınması ilə müşayiət olunmalıdır. Turistə göstərilən xidmətin keyfiyyəti də artırılmalıdır”. Qərib Azər bu istiqamətdə regionlarda yeni havalimanlarının açılmasını müsbət hal olduğunu deyib.  
Qərib Azər görüşdə Sinqapurun havalimanı, Yaponiyanın isə texnologiyası ilə onu heyrətləndirdiyini bildirib. Qonaq həyatının ən mənfi şokunu Hindistanda, ən müsbət şokunu isə yenə Yaponiyada yaşadığını qeyd edib: “Uzaq şərq ölkələri daha çox diqqətimi çəkir. Bu ölkələrin insanları səmimidir və təbəssüm etməyi sevirlər. Dəfələrlə səyahət etmək istədiyim olkə isə İtaliyadır. Təhlükəsizlik problemi səbəbiylə  Əfqanıstanda ikinci dəfə olmaq istəməzdim”.
Tanınmış jurnalist ABŞ-a səfərləri ilə bağlı sualları da cavablandırıb. Ağ Evin çəkilişi zaman xüsusi xidmət orqanları tərəfindən saxlanması ilə bağlı xatirələrini bölüşüb.
Qonaq Azərbaycanın dünyada tanınırlığı ilə bağlı fikirlərini də bölüşüb: “Amerika ilə müqayisədə bizi Avropada əvvəlki illərə nisbətən daha yaxşı tanıyırlar. Xüsusi ilə Avroviziya mahnı müsabiqəsindən və ard-arda keçirilən idman və mədəniyyət tədbirlərindən əvvəl ölkəmiz bu regionda yalnız neft ölkəsi kimi tanınırdısa, qısa müddət ərzində idman və mədəniyyət mərkəzi kmi populyarlaşmağa başlayıb”.
Səmimi atmosferdə keçən və tələbələrin alqışları ilə müşayiət olunan görüşdə Qərib Azər Azərbaycan mətbəxinə valeh olduğunu, Azərbaycandan kənarda yaşaya bilmədiyini vurğulayıb: “Amma əgər ölkəyə turist kimi gəlmiş olsaydım mütləq Qəbələni seçrdim”. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.05.2016

OTHER NEWS