NEWS
Azərbaycan Universitetinin tələbələri Coca-Colanın istehsal prosesi ilə tanış olublar
Azərbaycan Universitetinin ingilisdilli Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbələri sərinləşdirici içkilər istehsal edən “Azerbaijan Coca-Cola Bottlers MMC” şirkətində infoturda olublar. İnfotur sənaye müəssisələri ilə tanışlıq məqsədiylə təşkil olunub.
İnfotur öncəsində tələbələr şirkətin xüsusi geyimləri ilə təmin olunublar. Onlara “Coca-Cola”nın yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən şirkətdə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, məhsulların istehsal mərhələləri haqqında məlumat verilib.
Daha sonra tələbələr istehsal prosesi ilə də əyani şəkildə tanış olub, istehsalın böyük məsuliyyət və gigiyenik qaydalara riayət olunmaqla aparılmasına canlı şahidlik ediblər. Burada tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları da cavablandırılıb.
İstehsal prosesi ilə tanışlığın ardından tələbələrə şirkətin sosial yönümlü layihələri, həmçinin təcrübə və karyera imkanları ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, insan resurslarına verilən dəyər “Coca-Cola”nın başlıca inkişaf istiqamətlərindən biridir.
İnfotur sonrasında xatirə şəkili çəkdirilib.
“Student&Business World” tələbə klubunun təşkilatçılığı ilə təşkil olunmuş infoturda tələbələri Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Biznes fakültəsinin dekan köməkçisi Turan Həsənov müşayiət edib.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
25.11.2015