NEWS
Azərbaycan Universitetinin tələbələri
Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik müsabiqəsində iştirak ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi irsinin yaşadılması və gənclər arasında təbliğidir.
Heydər Əliyev Mərkəzində keçirilən yarışda ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər bir ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 46 komanda iştirak edib.
Yarış 3 turda keçirilib və hər turda ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən 12 sual səsləndirilib. Suallar Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və fotomateriallar əsasında tərtib olunub.
Yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.
Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Tədbirin sonunda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.11.2015