NEWS
Azərbaycan Universitetinin tələbələri beynəlxalq müsabiqədən sertifikatla qayıdıblar
Azərbaycan Universitetinin “AU-2” komandası 40-cı ACM ICPC 2015-2016 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatından fərqlənmə sertifikatı ilə qayıdıb. Üç tələbədən – Məmməd Kərimli (Kompüter mühəndisliyi), Elvin Usubov (Kompüter mühəndisliyi) və Nahidə Məmmədovadan (Riyaziyyat və informatika müəllimliyi) ibarət komanda müsabiqəyə Riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayevin rəhbərliyində hazırlaşıb.
Müsabiqənin birinci günü sınaq turu keçirilib. Sınaq turunda komandalara 2 saat ərzində 20 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.
Müsabiqənin ikinci günü yarımfinalın komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə iştirakçı ölkələrin ali təhsil müəssisələrindən 226 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.
Müsabiqənin üçüncü günü isə Cənubi Qafqaz Açıq Çempionatının fərdi müsabiqəsi baş tutub. Fərdi müsabiqədə 81 tələbə iştirak edib. Müsabiqədə iştirakçılara 4 saat ərzində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.
Qeyd edək ki, müsabiqə 5-7 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilib. Yarışda Azərbaycanın 9 ali təhsil müəssisəsindən 15 komanda (hər komandada 3 tələbə) iştirak edib.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
08.12.2015