NEWS

Azərbaycan Universitetinin tələbələri YAP-ın fəaliyyətini əks etdirən filmə baxıblar

Azərbaycan Universitetinin tələbələri YAP-ın fəaliyyətini əks etdirən filmə baxıblar

18 november 2015

Baxış sayı: 4793

Azərbaycan Universitetinin tələbələri üçün Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətini əks etdirən sənədli filmin təqdimatı keçirilib. Film, Azərbaycan Universiteti və “Səs” qəzeti tərəfindən YAP-ın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş birgə tədbirdə nümayiş olunub. Tədbir, partiyanın funksionerləri ilə gəncləri bir yerə toplayıb.
Filmin nümayişindən sonra universitetin rektoru Fərid Əhmədov çıxış edərək qeyd edib ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən YAP-ın yaradılması ilə Azərbaycanın siyasi tarixində yeni bir səhifə açılıb: “Müstəqilliyin bərpasının ardından Azərbaycanın əldə etdiyi bütün uğurların altında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının imzası var”.
Partiyalar ilə xalq arasında səmərəli ünsiyyətin qurulmasının vacibliyini diqqətə çatıdıran rektor bildirib ki, YAP və onun sədri, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderin ideyalarının daşıyıcısı İlham Əliyev bu ünsiyyəti ən effektiv şəkildə qurub: “Məhz bunun nəticəsidir ki, bu gün ölkənin siyasi məkanında YAP rəqibsiz və alternativsizdir. Son parlament seçkilərinin nəticələri də bunu sübut edir”.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, YAP-ın ölkədə yaranmış təhlükəli və mürəkkəb ictimai-siyasi şəraitin doğurduğu zərurətdən yarandığını vurğulayıb: “Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə 550 nəfərlə təsis edilən Yeni Azərbaycan Partiyası, bu gün 650 mindən çox üzvü öz ətrafında birləşdirən böyük bir orduya çevrilib”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP-ın 90-cı illərin əvvəllərində yaşanan siyasi kataklizmlərin səbəb olduğu siyasi və ideoloji boşluğu dolduran, ulu öndərin ideyalarının daşıyıcısı olan siyasi təşkilatlanma olaraq ortaya çıxdığını deyib. Partiyanın politologiya elminin tarixində yenilik yaratdığını qeyd edən Hikmət Babaoğlu, bunu təsisdən 6 ay sonra hakimiyyətə gəliş və hakimiyyətin uzunmüddətli qorunub saxlanması ilə izah edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP-ın həm də gənclərin səsi olan siyasi təşkilatlanma olduğunu bildirib. Partiyanın üzvlərinin 45 faizdən çoxunun gənc olduğunu diqqətə çatdıran Seymur Orucov, gənclərin inkişafı üçün yaradılan imkanlardan danışıb.   
“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında qeyd edib ki, sağlam ideya ətrafında sağlam düşüncəli insanları birləşdirən Yeni Azərbaycan Partiyası təkcə bölgənin deyil, Şərqin də ən böyük siyasi təşkilatlanmalarından biridir. YAP gəncləri bu gün ölkənin aparıcı qüvvəsidir və partiya gənclərlə bağlı layihələri həm dəstəkləyir, həm də icra olunmasına xüsusi əhəmiyyət verir. Yeni Azərbaycan Partiyası xüsusən son proqramında gənclərə daha çox yer verməsi ilə də fərqlənir.
Bəhruz Quliyev çıxışında partiya tərəfindən həyata keçirilən gender siyasətinə də toxunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.11.2015

OTHER NEWS