NEWS

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatından “Kənd məktəblisinə dəstək” layihəsi

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatından  “Kənd məktəblisinə dəstək” layihəsi

31 may 2017

Baxış sayı: 4523

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (AUTGT) nəzdində fəaliyyət göstərən “Gənc Xeyriyyəçilər Klubu” tərəfindən “Kənd məktəblisinə dəstək” layihəsinin icrasına start verilib. Layihənin məqsədi aztəminatlı şagirdlərin məktəb ləvazimatları ilə təmin olunmasıdır.  Layihə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə icra olunur.

AU TGT-nin sədri Cavidan Heybətzadə və sədr müavini Cavidan Dadaşov  layihə çərçivəsində Xaçmaz Rayon Təhsil Şöbəsində olublar. Burada Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova, Cavid Cəbiyev adına Nərəcan kənd tam orta məktəbinin direktoru İlkin Dadaşov və Şəmsəddin Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbinin direktoru Nazim Rzaxanov ilə görüşdə layihənin təfərrüatları müzakirə olunub, Qımıl-qışlaq kənd tam orta məktəbi layihənin icra olunacağı ilk məktəb olaraq seçilib.

Layihənin birinci mərhələsi xeyriyyə aksiyasından ibarət olacaq. Aksiyada hər növ məktəb ləvazimatları və kitablarla, həmçinin maddi yardımla iştirak etmək mümkündür. Layihədə iştirak  etmək istəyənlər Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı ilə əlaqə saxlaya bilər.

İkinci mərhələdə isə layihə heyəti iyun ayının ikinci həftəsində Qımıl-qışlaq kəndinə yollanacaq. Aksiyada toplanmış ləvazimat və yardımlar kənd məktəblilərinə çatdırılacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2017

OTHER NEWS