NEWS

Fiziki əlilliyi olan 3 gənc Azərbaycan Universitetində “dinləyici tələbə” statusunda təhsil alacaq

Fiziki əlilliyi olan 3 gənc Azərbaycan Universitetində  “dinləyici tələbə” statusunda təhsil alacaq

02 march 2017

Baxış sayı: 4539

Azərbaycan Universitetinin korporativ sosial məsuliyyət (KSM) missiyası çərçivəsində Sosial iş fakültəsi tərəfindən “Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini Dərk Edir” adlı layihəyə start verilib. Məqsəd fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində  bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Layihə ilə 17-25 yaş arası fiziki əlilliyi olan üç gəncin 1,5 il müddətində (3 semestr) Azərbaycan Universitetində ödənişsiz formada və “dinləyici” qismində ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlara yiyələnmələri təmin ediləcək. Layihəyə seçilmiş gənclərin hər üçü ingilis dili dərslərində, eyni zamanda şəxsi istəkləri nəzərə alınaraq, ikisi kompüter, digəri isə mühasibat sahəsi üzrə müvafiq dərslərdə iştirak edəcək. Gənclərin 3 semestr ərzində iştirak edəcəklər fənlər “Practical English-1,2,3”, “İnformatika”, “Kompüter qrafikası”, “Veb proqramlaşdırma” və “Mühasibata giriş”dir.

Fakültə layihənin icrası prosesində UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) ilə əməkdaşlıq edir. 16 fevral 2017-ci il tarixində başlayan layihə 30 iyun 2018-ci il tarixində yekunlaşacaq.

Yuxarıda qeyd olunmuş bilik və bacarıqlara peşəkar səviyyədə sahib olmaq gənclərin müasir cəmiyyətə inteqrasiya ehtimalını xeyli yüksəldir, həmçinin işlə təmin olunma imkanlarını genişləndirir.  

Layihənin icrası başa çatdıqdan sonra “dinləyici” statusunda olan tələbələr müvafiq fənlərdə iştirak etdiklərinə dair sertifikat alacaqlar, eyni zamanda layihə komandası tərəfindən yiyələndikləri bilik və bacarıqlara uyğun iş tapmalarına dəstək veriləcək.  

Dərslərə başlayan “dinləyici tələbələr” yaxın günlərdə statuslarına uyğun “Dinləyici tələbə bileti” ilə təmin olunacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.03.2017

OTHER NEWS