NEWS

Azərbaycan Universiteti sağlam həyat tərzinin təbliği layihələrini dəstəkləyir

Azərbaycan Universiteti sağlam həyat tərzinin təbliği layihələrini dəstəkləyir

20 june 2019

Baxış sayı: 3075

Azərbaycan Universiteti yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar  arasında sağlam həyat tərzinin təbliği, futbola və digər idman növlərinə maraq yaratmaq, onların fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi məqsədilə həyata keçirilən  maarifləndirmə tədbirləri və layihələrdə tərəfdaş kimi çıxış edərək dəstək göstərir. Dəstək verilən layihələrdən biri də universitetin tərəfdaşlarından “Məqsəd” hazırlıq kursları tərəfindən yaradılan və kursun nəzdində fəaliyyət göstərən 13 yaşadək (U-13) futbolçulardan ibarət komandadır.

Universitetin nümayəndə heyətinin komandanın rəhbərliyi, üzvləri, məşqçi heyəti və valideynlərlə tanışlıq məqsədilə keçirilən görüşündə qeyd olunub ki, futbol ölkəmizdə ən əlçatan və ən sevilən idman növü olmaqla yanaşı, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları və onlarda sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır. Sağlam həyat tərzinin təməli uşaq və yeniyetməlik dövründə qoyulur, bu səbəbdən valideynlər övladlarının həyat tərzini daim nəzarətdə saxlamalıdırlar. Bu təkcə valideynlərin deyil, hər bir vətəndaşın, pedaqoji işçinin borcudur.

Görüşdə qeyri-sağlam həyat tərzinin fəsadları müzakirə olunub, bu fəsadların qarşısının alınmasında yeniyetmə və gənclərin idmana cəlb edilmələrinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Universitetinin rəhbərliyi və kollektivi “Məqsəd” hazırlıq kurslarının nəcib təşəbbüsünü alqışlayır, komandaya cəlb olunan istedadlı uşaqların ölkəmizdə uşaq futboluna öz töhfələrini verəcəklərinə inanır.

Sonda komanda üzvlərinə universitet rəhbərlyinin hədiyyəsi olan formalar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, kursun təsisçisi və rəhbəri Fikrət Hüseynovun təşəbbüsü ilə yaradılan komanda 2018/2019-cu il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Coca-Cola-nın sponsorluğu ilə 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatında çıxış edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
20.06.2019

OTHER NEWS