NEWS

Azərbaycan Universitetində 20 yanvar şəhidləri anılıb, Şəhidlər Xiyabanı ziyarət olunub

Azərbaycan Universitetində 20 yanvar şəhidləri anılıb, Şəhidlər Xiyabanı ziyarət olunub

19 january 2017

Baxış sayı: 5343

Bu gün Azərbaycan Universitetində “20 yanvar – Ümumxalq Hüzn Günü” münasibəti ilə ənənəvi anım tədbiri keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “Səs” Media Qrupu və Azərbaycan Universiteti tərəfindən birgə təşkil olunmuş tədbirdə qeyd olunub ki, 20 yanvar hadisələri yaddaşlara “Qanlı faciə” kimi həkk olunsa da, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsi və tarix qarşısında növbəti sınaq imtahanıdır. Bildirilib ki, 20 yanvar hadisələrinə siyasi – hüquqi qiymət verilməsi prosesi Heydər Əliyevin yanvarın 21-də həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etməsiylə başlayıb.

Tədbir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sükutun ardından Azərbaycan Universitetinin sifarişi ilə “Səs” Media Qrup tərəfindən hazırlanmış “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı film nümayiş olunub.

Daha sonra rəsmi çıxışlara keçilib. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov qeyd edib ki, ali məktəbdə hər il ənənəvi olaraq anım tədbirləri təşkil olunur. Məqsəd faciənin gənc nəslə çatdırılması və unudulmaması üçün yaddaşların təzə tutulmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru,  prof. İsaxan Vəliyev çıxışında faciəni hazırlayan tarixi – siyasi şərait və 20 yanvar hadisələrinin əhəmiyyəti olmaqla iki məqama diqqət çəkib.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyi digər sovet respublikaları ilə müqayisədə daha ağrılı olub, faciə Azərbaycan xalqının mübarizə əzmini qırmaq məqsədiylə törədilib.  Faciənin dünyaya çatdırılmasında və 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Anım tədbirinin ardından Azərbaycan Universitetinni kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, 20 yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.01.2017

OTHER NEWS