NEWS

Azərbaycan Universitetində Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

04 december 2015

Baxış sayı: 5254

Azərbaycan Universitetində xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş musiqili-bədii tədbir keçirilib. Tədbirdə tələbələr tərəfindən ədibin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Özümüzü kəsən qılınc” pyesi ixtisarla səhnələşdirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq, Bəxtiyar Vahazadə yaradıcılığının Azərbaycan ədəbiyyatında yeri və əhəmiyyəti haqqında danışıb. Kafedra müdiri öncə Henrix Rikkertin “Dəqiq və humanitar elmlər haqqında” adlı əsərində elmlərin təsnifatı məsələsinə toxunub: “Kitabda humanitar elmlərlə dəqiq elmlərin bir-biri ilə sıx bağlı olduğu və ikisi arasındakı balansın pozulmasından cəmiyyətin zərərli çıxacağı vurğulanır. Müəllifə görə, balansı qoruyan birbaşa ədəbiyyata xidmət edən mənəviyyat haqqındakı elmdir. Bu baxımdan Bəxtiyar Vahabzadənin yaradıcıllığı mənəviyyat haqqında elmin ön cərgələrində gəlir. Daim yeniliyə can atan ədibin əsərlərində mənəviyyat problemləri ön plana çıxır”.
Kafedra müdiri həmçinin bildirib ki, Bəxtiyar Vahabzadə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim olmaqla yanaşı, könüllərdə taxt quran müəllim və  layiqli vətəndaş olub. Xalqın ən ağır günlərində onun yanında olaraq fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən, ana dilimizin qoruyucusu və təbliğatçısı da olan şairin adı Azərbaycan ziyalılarının sırasına qızıl hərflərlə həkk olunub.
Rəsmi çıxışın ardından tədbir musiqili-bədii hissə ilə davam edib. Bu hissədə şairin “Bir salama dəymədi” (Aygül Quliyeva, Azərbaycan dili və ədəbiyyatı, II kurs), “Axı dünya fırlanır” (Nigar Hüseynova, Azərbaycan dili və ədəbiyyatı, II kurs) şeirləri, “Muğam” qəzəli (Suzana Babaverdiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, III kurs), “Gülüstan” poemasından seçilmiş hissələr (Çinarə Qəhrəmanova – Nübar Həsənova, Azərbaycan dili və ədəbiyyatı, II kurs) səsləndirilib. Tədbirdə şairin sözlərinə yazılmış mahnılar da ifa olunub. Belə ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Püstə Hüseynova “Biri sənsən, biri mən”, qonaqlar - Bakı Slavyan Universitetinin tələbəsi Simuzər Hüseynli “Nə danışdı, nə dindi”, Azərbaycan Universitetinin məzunlarından Müşfiq Həsənov isə  “Kəpənək” və “Nədən oldu” mahnılarını oxuyublar. İfaçıları Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin tələbələri Əli Əlizadə, Sənubər Abdullazadə, Seymur Abdullazadə və Fəxri Alışov müşayiət edib.
Musiqili - bədii hissə “Özümüzü kəsən qılınc” pyesini ixtisarla təqdimatı ilə davam edib. Tələbələr səhnəyə Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimi Əminə İbrahimlinin rəhbərliyində hazırlanıblar. Pyes, Azərbaycan bayrağının Qarabağa sancılması səhnəsi və “Çırpınırdı Qara Dəniz” mahnısının ifası ilə başa çatıb.
Rollari ifa ediblər:
Qara Xaqan - Tosif Cabirli (Sosial iş, II kurs)
Dulu Xan - Kazım İsmayilov (Sosial iş, II kurs)
Gur Şad - Bəhruz Nurəddinli (Azərbaycan dili və ədəbiyyatı, II kurs)
Erkin - Elnur Məmmədov (İngilis dili müəllimliyi, IV kurs)
Siyan Şi - Afət Səfərova (İngilis dili müəllimliyi, III kurs)
İçgen Xatun - Şəbnəm Ömərova (Azərbaycan dili və ədəbiyatı müəllimliyi, IV kurs)
Yanq Çunq - Orxan Eyvazlı (Tərcümə, I kurs)
Selcan - Aynur Süleymanova (Azərbaycan dili və ədəbiyyatı, II kurs)
Mübi Tərxan - İlkin Qayıbov (Sosial iş, II kurs)
Salur Xan-  Cabbar Zeynalov (Tərcümə, I kurs)
Arslan -Təbriz Həsənov (Tarix müəllimliyi, IV kurs)
Banuçiçək - Suzana Babaverdiyeva (Azərbaycan dili və ədəbiyatı müəllimliyi, III kurs)
Zindan gözətçisi – Mail Mehbalıyev (Tərcümə, I kurs)
Tədbirin aparıcılığını isə Kənan Əliyev (Sosial iş, II kurs), Aygün Məmmədova (Azərbaycan dili və ədəbiyatı müəllimliyi, IV kurs) ediblər.
Tədbiri universitetin rektoru Fərid Əhmədov da izləyib. Rektor tədbirin sonunda çıxış edərək, tələbələri və təşəbbüskarları təbrik edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.12.2015

OTHER NEWS