NEWS

I kurs tələbələri universitet həyatı ilə tanış olublar

I kurs tələbələri universitet həyatı ilə tanış olublar

14 september 2015

Baxış sayı: 4871

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov 2015/2016-cı tədris ilində bakalavriat və magistratura proqramlarına qəbul olmuş I kurs tələbələri ilə görüşüb. Universitet həyatı ilə tanışlıq məqsədiylə keçirilən görüşlər gün ərzində fakültələr və ixtisaslar üzrə müxtəlif saatlarda baş tutub.
Fərid Əhmədov iştirakçıları tələbə adını qazanmaları münasibətiylə təbrik edib. Gənclərin məsuliyyətli bir dövrün astanasında olduqlarını qeyd edən rektor bildirib ki, universitetə qəbul hədəflər içərisində ilk pillə olmalıdır. Əsas olan universitet təhsili dövründə peşəkar həyata düzgün hazırlanmaqdır: “Azərbaycan Universitetinin kollektivi və maddi-texniki bazası bu istiqamətdə səfərəbər olunub. Müasir dünyanın tələbləri ilə səsləşən kadr hazırlığında universitet əməkdaşları ilə yanaşı valideynləri də məsuliyyəti bölüşməyə dəvət edirik. Lakin, bu da kifayət etmir. Sizlər də daim öz üzərinizdə işləməlisiniz”.
Çıxışında tələbələrə öz tövsiyələrini də verən rektor vurğulayıb ki, əsas məqsəd diplom deyil, bilik, təhsil almaq olmalıdır: “Sizlər diplom xatirinə yox, peşəkar kadr olmaq üçün oxumalısınız. Əldə edəcəyiniz diplom biliyə söykənməlidir. Yalnız o zaman sizlər cəmiyyət üçün gərəkli şəxsiyyətə çevriləcəksiniz”.
Fərid Əhmədov çıxışında tələbələrə Azərbaycan Universitetinin ənənələri, tədris sistemi, nizam-intizam qaydaları, tələbələrin hüquq və vəzifələri haqqında da məlumat verib. Tələbə və valideynlərin suallarını da cavablandıran rektor daxili təqaüd proqramı çərçivəsində təqaüdə layiq görülən tələbələrin tələbə biletlərini də təqdim edib.
Görüşlərdə universitetin digər məsul şəxsləri və valideynlər də iştirak edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.09.2016

OTHER NEWS