NEWS

Azərbaycan Universitetinin 50 tələbəsi payız semestrində təqaüd alacaq

Azərbaycan Universitetinin 50 tələbəsi payız semestrində təqaüd alacaq

12 november 2015

Baxış sayı: 5534

2015/2016-cı tədris ilinin payız semestrində Azərbaycan Universitetinin 50 tələbəsi “Daxili Təqaüd Proqramı”ndan faydalanacaq. Təqaüd təyin olunan tələbələrdən 46 nəfəri ödənişli əsaslarla təhsil alır, 4 nəfəri isə dövlət sifarişi əsasında oxuyur və ikili təqaüd alır.
Proqrama əsasən sentyabr-yanvar ayları ərzində 8 tələbə 200 manat, 3 tələbə 100 manat, 36 tələbə 75 manat, 3 tələbə isə 50 manat aylıq təqaüd alacaq. Tələbələrdən 40 nəfəri bakalavriat, 10 nəfəri isə magistratura pilləsində təhsil alır. Bakalavriat tələbələrindən 7 nəfəri Sosial iş fakültəsinin, 4 nəfəri İqtisadiyyat və idarəetmə fakültəsinin, 9 nəfəri Biznes fakültəsinin, 20 nəfəri isə Humanitar fənlər fakültəsinin tələbəsidir. Təqaüdlər yaz semestrinin nəticələrinə əsasən təyin olunub.
Azərbaycan Universitetinin öz büdcəsindən maliyyələşən “Daxili Təqaüd Proqramı” 2013/2014-cü tədris ilindən etibarən tətbiq edilir. Tələbələr universitetə qəbul balına və təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar. Təqaüdlərin miqdarı 50 manatdan 200 manatadək olmaqla hər semestrdə tam akademik yükü ödəmiş tələbələrə müvəffəqiyyətlərindən asılı olaraq müəyyənləşdirilir.
Peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın bir parçası olaraq həyata keçirilən proqramın məqsədi tələbələrin motivasiyasını gücləndirmək, bacarıqlı və yüksək nəticələrə nail olan və fərqlənən tələbələrə dəstək olmaqdan ibarətdir. Proqram, həm çalışqan tələbənin əməyini dəyərləndirməklə  onlarda özünəinamı formalaşdırır və gücləndirir, həm də az təminatlı ailələr üçün əhəmiyyətli sosial dəstək rolunu daşıyır.
Qeyd edək ki, Azərbaycan Universitetinin dövlət sifarişi əsasında oxuyan 20 tələbəsi də dövlət təqaüdü alır. Onlardan 4 nəfərinin ikili təqaüd aldığını nəzərə alsaq, ümumlikdə cari semestrdə təqaüdlə oxuyan tələbələrin sayı 66-dır.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.11.2015

OTHER NEWS