NEWS
CELTA təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatları təqdim olunub
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov Xarici Dillər-2 kafedrasının müəllimlərinə CELTA sertifikatlarını (Certificate in English Language Teaching to Adults) təqdim edib. Qeyd olunan sertifikat dünyanın istənilən nöqtəsində ingilis dilini tədris edə bilmə imkanı yaradır.
Fərid Əhmədov qeyd edib ki, məhz müəllimlərin peşəkar inkişafına investisiya qoymaqla universitetlərin inkişafına nail olmaq mümkündür. Rektor müəllim-tələbə münasibətlərinin yeni müstəvidə qurulmasının labüdlüyü və əhəmiyyətini vurğulayaraq, müəllimlərə bu istiqamətdə öz tövsiyələrini də verib.
Beynəlxalq səviyyədə tanınan, ingilis dili müəllimliyi sahəsində dünyanın başqa ölkələrində də iş tapmaq imkanlarını genişləndirın CELTA təlimləri Azərbaycan Universitetində iyun ayında təşkil olunub. Bir aylıq intensiv təlimlərdə 11 müəllim iştirak edib. Müəllimlərin performansı Cambridge English tərəfindən sertifikatlaşdırılıb. Təlimlərin təşkilinə isə qurumun tərəfdaşı olan “International Training Institute”un İstanbul şöbəsi cavabdehlik daşıyıb.
Müəllimlər həm təlim öncəsi, həm də təlim zamanı ciddi hazırlıq mərhələsindən keçiblər. Təlim müddəti ərzində müəllimlərin performansı hər dərs üçün hazırladıqları dərs planları, tədris edəcəkləri mövzu ilə bağlı iştirakçılar üçün hazırladıqları tapşırıqlar, əlavə material üzrə hazırlıq, oxuma, iştirakçıların fəallığı kriteriyaları üzrə dəyərləndirilib.
Qeyd edək ki, Xarici Dillər-2 kafedrası Azərbaycan Universitetində Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, Menecment və Marketinq ixtisasları üzrə ingilisdilli proqramlarda təhsil alan tələbələrin dil hazırlığını həyata keçirir. Kafedra tərəfindən tətbiq edilən İngilis dili proqramının (İDP) əsas məqsədi tələbələrin ingilis dili üzrə həm yazılı, həm də şifahi bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə oxu, yazı, dinləmə və danışıq qabiliyyətlərinin inkişafının təmin edilməsidir. Prioritet olaraq tələbələrə akademik yazının əsas qaydalarının öyrədilməsi və onlarda tənqidi təfəkkürün – tənqidi düşünmə və oxuma, eləcə də analiz etmə qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.09.2015