NEWS

Azərbaycan Universiteti BSUN tədbirində təmsil olunub

Azərbaycan Universiteti BSUN tədbirində təmsil olunub

08 april 2025

Baxış sayı: 57

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevlan Qurbanova Bakı Ali Neft Məktəbinin ev sahibliyində keçirilən beynəlxalq seminarda iştirak edib. Tədbir Qara Dəniz Universitetləri Şəbəkəsinin üzvləri (BSUN), Dünya İncəsənət və Elm Akademiyası və Qara Dəniz Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin tərəfdaşlarının iştirakı ilə təşkil olunan tədbir  universitetlərin sülh və təhlükəsizliyin təşviqindəki roluna həsr olunub.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış nitqi ilə çıxış edərək universitetlərin sülh və təhlükəsizliyin təşviqindəki mühüm rolunu vurğulayıb. O, təhsil müəssisələrinin dünyada sabitlik və inkişafın təmin olunmasında oynadığı strateji rola diqqət çəkib və beynəlxalq əməkdaşlığın artırılmasının əhəmiyyətini qeyd edib. 

Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi professor Eden Mamutun moderatorluğu ilə keçirilən panel müzakirələrində isə Qafqazdan Balkanlara qədər uzanan geniş Qara Dəniz regionunda insan təhlükəsizliyi problemləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar regionda sülh və təhlükəsizliyin təşviqi üçün sistemli və multidisiplinar yanaşmaların tətbiqinin vacibliyi barədə fikirlərini bölüşüb, gələcəkdə universitetlərarası əməkdaşlığın prioritet mövzuları üzrə razılığa gəliblər.

Dünya İncəsənət və Elm Akademiyasının Prezidenti və baş icraçı direktoru Qarri Cakobs, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, InterAction Şurasının baş direktoru Coanna Nös, Qlobal Təhlükəsizlik İnstitutunun prezidenti və Dünya İncəsənət və Elm Akademiyasının qəyyumu Conatan Qranoff, Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyaları Şurasının prezidenti və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi üzrə Qlobal İqlim Mərkəzinin sədri, professor Fibe Koundouri, Saloniki Aristotel Universitetinin İdarə Heyətinin üzvü, professor Qriqoris Zarotiadis, “BRIDGES Sustainability” Elm Koalisiyasının qurucu icraçı direktoru Stiven Hartman, Dünya İncəsənət və Elm Akademiyasının baş katibi Canani Ramanathan və Cənubi Afrikalı naşir, müəllif və Dünya Universitetləri Konsorsiumunun əməkdaşı Qrant Şrayber spiker qismində iştirak ediblər.

Qeyd edək ki, 1998-ci ildə yaradılmış BSUN Qara Dəniz regionunun universitetləri arasında əməkdaşlığı gücləndirən və Qara Dəniz İqtisadi Əməkdaşlığının sektoral dialoq tərəfdaşı olan platformadır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS