NEWS
Azərbaycan Universitetinin tələbələri “Global CEO Summit”in sinxron tərcümə prosesində iştirak ediblər
Azərbaycan Universitetinin Tərcümə (ingilis dili) ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri Elçin Ağayev və Səbinə Bəhrəmova (222215A qrupu) istehsalat təcrübəsi çərçivəsində nüfuzlu “Global CEO Summit 2026” tədbirinin sinxron tərcümə prosesində fəal iştirak ediblər. Tələbələr ingilis dili üzrə tərcümənin sinxron aparılması, sinxron tərcümə işinin təşkili və inzibati nəzarəti, sinxron tərcümə avadanlıqlarının quraşdırılması və tənzimlənməsi sahələrində təcrübə əldə ediblər. “Global CEO Summit 2026” çərçivəsində bütün çıxışlar Azərbaycan və ingilis dillərində “Şəms Tərcümə Xidmətləri” tərəfindən sinxron tərcümə ilə təqdim olunub.
Tədbir “Dəyişikliyə birlikdə liderlik etmək” şüarı altında Azərbaycan HR İnstitutu və “CEO Club Azerbaijan”ın birgə təşkilatçılığı, “LinkedIn”in əsas tərəfdaşlığı ilə təşkil olunub. Yerli və qlobal şirkətlərin rəhbərləri, dövlət nümayəndələri və sahibkarları bir araya gətirən “Global CEO Summit 2026” idarəetmə, insan kapitalı, maliyyə və rəqəmsal transformasiya istiqamətində mühüm müzakirə platforması olub.
Qeyd edək ki, tələbələr Elçin Ağayev və Səbinə Bəhrəmova “Şəms Tərcümə Xidmətləri”ndə istehsalat təcrübəsi keçirlər. 16 fevral 2026-cı il tarixində başlayan istehsalat təcrübəsi 19 iyun 2026-cı il tarixində başa çatacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
