NEWS
Azərbaycan Universitetində “Loqoped və psixoloqun karyerasına gedən yol” mövzusunda seminar keçirilib
Azərbaycan Universitetinin bir qrup bakalavriat və magistratura tələbəsi üçün “Loqoped və psixoloqun karyerasına gedən yol” mövzusunda seminar təşkil olunub. Sosial işin təşkili kafedrası tərəfindən keçirilən seminarda iştirakçılar “Oykos” İnkişaf Mərkəzinin təsisçisi, defektoloq-loqoped Şəhla Abdullayeva və mərkəzin baş psixoloqu Aynur Əliyevanın məruzə və təqdimatlarını dinləyiblər.
Seminar Sosial işin təşkili kafedrasının professoru Elmar Hüseynovun giriş sözü ilə başlayıb. Elmar Hüseynov tələbələrə “Oykos” İnkişaf Mərkəzinin fəaliyyəti, seminarın mövzusu haqqında məlumat verib, qonaqları təqdim edib.
Ardınca tələbələr Şəhla Abdullayevanın “Loqoped kimdir” və Aynur Əliyevanın “Psixoloq karyerası: uğura aparan yol” mövzusunda məruzələrini dinləyiblər. İnteraktiv formatda davam edən seminarda mövzuya dair müzakirə aparılıb, suallar cavablandırılıb, praktik tapşırıqlar yerinə yetirilib.
Sonda Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova seminarın praktik psixologiya və defektologiya sahələrində çalışmağa hazırlaşan gələcək mütəxəssislərə müvafiq biliklərin ötürülməsi məqsədilə təşkil olunduğunu qeyd edib və qonaqlara təşəkkür edib.
Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın icrası ilə bağlı Tədbirlər Planının 3-cü bəndinin icrası çərçivəsində təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi