NEWS
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Özbəkistanda beynəlxalq konfrans keçirilib
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetində (Termez University of Economics and Service) “Dilçilikdə və dil təhsilində yeniliklər: qlobal meyillər və yerli perspektivlər” (International Conference on Innovations in Linguistics and Language Education: Global Trends and Local Perspectives) mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən – Türkiyə, İndoneziya, Yaponiya, ABŞ, Tacikistan və digər ölkələrdən olan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edərək dilçilik və təhsil sahəsində müasir tendensiyalar, eləcə də innovativ yanaşmalar barədə məruzə ilə çıxış ediblər.
Azərbaycan Universitetini beynəlxalq konfransda Tərcümə və filologiya kafedrasının professoru Azad Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova konfransda “Qloballaşma dövründə dil və ali təhsildə keyfiyyətin təminatı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dilin ali təhsildə keyfiyyətin formalaşmasında rolu, beynəlmiləlləşmə prosesində kommunikativ bacarıqların və çoxdilli mühitin əhəmiyyəti kimi mövzulara toxunulub.
Tərcümə və filologiya kafedrasının professoru Azad Məmmədov isə konfransa onlayn şəkildə qoşularaq “Təbii (insan–insan) ünsiyyətdən süni intellektlə (insan–AI) dəstəklənən diskurslara keçid: dilçilik yanaşması” mövzusunda təqdimat edib. Professor təqdimatında süni intellektin dil və ünsiyyət proseslərinə təsirindən, həmçinin yeni texnologiyaların dilçilik tədqiqatlarında yaratdığı imkanlardan bəhs edib.
Konfrans çərçivəsində keçirilən elmi müzakirələr dilçilik və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və innovativ ideyaların paylaşılmasına geniş imkan yaradıb.
İctimaiyyətlə əlaqələr şöbəsi