NEWS
Azərbaycan Universitetinin tələbəsi beynəlxalq internet olimpiadasının qalibi olub
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan II kurs tələbəsi Mələk Şərifzadə MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) təşkilatçılığı ilə keçirilən “Dünya ölkələrinin seçki sistemləri” V beynəlxalq tələbə internet-olimpiadasında birinci yerə layiq görülüb. Olimpiadanın qalibi MDB PAA DİMBİ tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən müəyyən olunub. Mükafatlandırma mərasimində MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski də iştirak edib.
Qeyd edək ki, Azərbaycanın müxtəlif tədris ocaqlarından 200-dən çox tələbənin iştirak etdiyi olimpiadanın keçirilməsinin məqsədi gənc seçicilərin müasir cəmiyyətin demokratik inkişaf prinsipləri, parlamentarizm və vətəndaşların seçki hüquqları barədə biliklərinin artırılması, səsvermə hüquqlarının həyata keçirilməsi üçün zəruri olan bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı istedadlı tələbələrin müəyyənləşdirilməsi və dəstəklənməsindən ibarət olub.
İctimaiyyətlə əlaqələr şöbəsi