NEWS
Bədii qiraət klubunda Alber Kamünün “Yad” romanı müzakirə olunacaq
Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Voice of Books” (Kitabların səsi) bədii qiraət klubunun növbəti görüşü olub.
Ədəbiyyatsevər tələbələrin böyük maraqla iştirak etdiyi görüş əvvəlki tədbirlərə qısa nəzər salmaqla başlayıb. Klubun sədri və Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə III kurs tələbəsi Fidan Muxtarova əvvəlki sessiyalarda müzakirə olunan ədəbi mövzular, səsləndirilən bədii nümunələr və tələbələrin çıxışları barədə məlumat verib.
Tədbirin davamında kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva çıxış edərək bədii qiraətin estetik tərbiyədə və nitq bacarığının formalaşmasında oynadığı rolu vurğulayıb. Kafedra müdiri tələbələrin ədəbi zövqünün inkişafında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında və onların ictimai çıxış vərdişlərinin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini ön plana çəkib.
Tədbir kafedranın müəllimi Emiliya Əliyevanın tələbələrlə müzakirəsi ilə davam edib. Müzakirədə aktiv iştirak edən tələbələr ədəbiyyata olan fərdi münasibətlərini bölüşüblər.
Görüşdə növbəti klub toplantısında müzakirəyə çıxarılacaq kitab da müəyyən olunub. Klub üzvləri fransız yazıçı Alber Kamünün “Yad” romanını müzakirə edəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi