NEWS

Beynəlxalq əlilliyi olan şəxslər gününə həsr olunmuş vebinar

Beynəlxalq əlilliyi olan şəxslər gününə həsr olunmuş vebinar

03 december 2020

Baxış sayı: 2277

Sosial işin təşkili kafedrası tərəfindən 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş vebinar keçirilib. Tədbirdə qeyd olunub ki, əlilliyi olan insanların beynəlxalq günü BMT tərəfindən 1992-ci ildə təsis olunub. Günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarının qorunması məsələsini diqqətdə saxlamaqdır.

“Hekayələrimiz fərqli olsa da, biz hamımız birik” adlı vebinarda kafedranın müdiri Tünzalə Verdiyeva bildirib ki, tədbir Azərbaycan Universiteti tərəfindən ənənəvi olaraq hər il keçirilir. Kafedra müdiri qeyd edib ki, cəmiyyətdə əlilliyə olan münasibət bir mənalı deyil və bu münasibət maarifləndirmə işinin az aparılmasının nəticəsidir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, bərabər imkanların yaradılması, cəmiyyətin özünün komplekslərdən xilas olması istiqamətində maarifləndirmə tədbirləri yalnız dekabr ayında keçirilməməli, bütün ili əhatə etməlidir.

Daha sonra Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura tələbələri Aygün Muradlı “Pandemiya və əlillik problemləri”, Kəmalə Abbasova “Əlilliyi olan uşaqların inklüziv təhsili”, Səcdə Məmmədova “Əlilliyi olan şəxslərə qarşı zorakılıq halları” mövzusunda təqdimat ediblər.

Sonda universitetin əlilliyi olan tələbəsi - Sosial iş ixtisası üzrə II kurs tələbəsi  Məhəmməd Ələkbərov əlilliyi olan şəxslərin sosial adaptasiyası, cəmiyyətə inteqrasiyasının həll yolları ilə bağlı öz həyat hekayəsini və yaşadığı təcrübəni tədbir iştirakçıları ilə bölüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.12.2020

OTHER NEWS