NEWS
BİF tələbələri üçün “Yumşaq bacarıqlar” fənni çərçivəsində seminar təşkil olunub
Biznes və iqtisadiyyat fakültəsinin (BİF) sonuncu kurs tələbələri üçün “Yumşaq bacarıqlar” fənni çərçivəsində “Ünsiyyət və effektiv təqdimat bacarıqları” mövzusunda seminar təşkil olunub. Seminarda klinik psixoloq və mediator Rəşidə Məhərrəmova təqdimatla çıxış edib.
Təqdimat effektiv ünsiyyətin əsas prinsipləri, auditoriya qarşısında səmərəli ünsiyyət texnikaları, bədən dili və qeyri-verbal ünsiyyət vasitələri, təqdimat zamanı həyəcanın idarə olunması kimi mövzuları əhatə edib. Qonaq emosional intellektin ünsiyyətdə əhəmiyyəti, münaqişələrin düzgün idarə olunması və mediator yanaşmasının praktik tətbiqi barədə faydalı tövsiyələr səsləndirib.
İnteraktiv formatda keçirilən seminarda tələbələr müxtəlif praktik tapşırıqlarda iştirak edib, təqdimat bacarıqlarını nümayiş etdiriblər. Fəallığı ilə seçilən 2 tələbə mükafatlandırılıb və klinik psixoloq onlara fərdi seans hədiyyə edib.
Qeyd edək ki, “Yumşaq bacarıqlar” fənninin əsas məqsədi tələbələrin şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməklə onların gələcək peşəkar fəaliyyətinə töhfə verməkdir. Fənn çərçivəsində tədris olunan mövzular çoxşaxəli xarakter daşıyır və emosional intellekt, ünsiyyət, komanda işi, liderlik, münaqişələrin həlli də daxil olmaqla bir sıra mühüm istiqamətləri əhatə edir.
İctimaiyyətlə əlaqələr şöbəsi
