NEWS

Daxili təqaüd proqramına start verildi

Daxili təqaüd proqramına start verildi

14 september 2013

Baxış sayı: 4635

Azərbaycan Universitetində 15 sentyabr - Bilik Günü və yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitetə yeni qəbul olmuş tələbələrə tətbiq ediləcək yeniliklər, universitetdaxili prosedur və nizam-intizam qaydaları, beynəlxalq əməkdaşlıq və proqramların tələbələrə qazandırdığı üstünlüklər barədə məlumat verilib. Tədbirdə həmçinin daxili təqaüd proqramının icrasının startı da verilib.  
Qeyd edilib ki, Azərbaycan Universiteti sosial məsuliyyəti bölüşən elm, təhsil və tərbiyə ocağı olaraq gənc nəslin peşəkar mütəxəssis, layiqli vətəndaş olaraq yetişdirilməsinə daim səy göstərir. Bu vəzifələrin icrası üçün şəffaflıq mühitini qoruyur, özünüqiymətləndirmə proqramları reallaşdırır, beynəlxalq əlaqələri gücləndirir, mütərəqqi təcrübənin milli xüsusiyyətlərə adaptasiyası üzərində işləyir. Bütün elmi-pedaqoji və maddi potensial bu ali məqsədə tabe etdirilib. 
Bildirilib ki, daxili təqaüd proqramı universitetin öz büdcəsindən maliyyələşir. Cari tədris ilində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 637 balla qəbul olmuş Məmmədrzayeva İntizar Təbriz qızına dövlət təqaüdünə (88 manat) əlavə olaraq 200 manat, 630 balla Maliyyə (BBA) ixtisası üzrə qəbul olmuş Sadıqov Nail Lənkəran oğluna və 606 balla Kompüter elmləri ixtisası üzrə qəbul olmuş İlyaslı Tural Müsavər oğluna dövlət təqaüdünə (72 manat) əlavə olaraq 100 manat məbləğində aylıq təqaüd təyin edilib. Bundan əlavə proqram çərçivəsində 20 tələbə aylıq 50 manat məbləğində təqaüdlə təmin edilib. 
Proqrama əsasən, təqaüdlərin verilməsi və miqdarı semestrlərin sonunda tələbənin əldə etdiyi müvəffəqiyyətlərə görə tənzimlənəcək. Universitetə qəbul olma balından asılı olmayaraq, növbəti semestrlərdə zərbəçi və əlaçı nəticələr nümayiş etdirən hər bir tələbə müvafiq təqaüdlə təmin ediləcək. Bu proqram tələbələrin motivasiyasına xidmət etməklə həm də aztəminatlı ailələrə sosial dəstək mahiyyəti daşıyacaqdır.
Tədbirdə Azərbaycan Universitetinə 600-dən yuxarı balla qəbul olmuş tələbələrə notebook hədiyyə edilib, tələbə biletləri və əlavə daxili təqaüd ilə təmin edilən bank kartları təqdim olunub. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.09.2013

 

OTHER NEWS