NEWS
Azərbaycan Universitetində Dövlət Məşğulluq Agentliyinin mütəxəssisi ilə görüş keçirilib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində təhsil alan sonuncu kurs tələbələri üçün “Karyera planlaması” fənni çərçivəsində təşkil olunan növbəti görüşdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının karyera məsləhətçisi Nərgiz Şirinova iştirak edib. Tələbələrin peşəkar inkişafına yönəlmiş interaktiv tədbirdə qonaq tərəfindən müasir əmək bazarının tələbləri, karyera quruculuğunda strateji yanaşmanın əhəmiyyəti və fərdi inkişaf istiqamətləri geniş şəkildə izah edilib, “Start” Karyera Akselerasiya Proqramı haqqında məlumat verilib.
Tədbirdə karyera anlayışının mahiyyəti, onun davamlı inkişaf prosesi kimi formalaşması və uğurlu karyera üçün zəruri olan əsas mərhələlər diqqətə çatdırılıb. Özünütanıma, bazar araşdırması, məqsədlərin müəyyən edilməsi, fəaliyyət planının hazırlanması və nəticələrin mütəmadi qiymətləndirilməsi kimi mühüm komponentlər haqqında tələbələrə ətraflı məlumat verilib.
Görüşdə 21-ci əsrin bacarıqları, tənqidi təfəkkür, kreativlik, kommunikasiya, komanda işi, texnoloji savadlılıq və süni intellektlə işləmə bacarıqları kimi kompetensiyaların müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda gələcək karyera planlarını qurarkən çeviklik, uyğunlaşma və ömürboyu öyrənmə prinsiplərinin vacibliyi, o cümlədən şəbəkələşmə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə tələbələr 5 addım üzrə karyera planının hazırlanması ilə bağlı tapşırıqları yerinə yetirib, öz karyera hədəfləri ilə bağlı fikirlərini bölüşublar. Onlar həmçinin agentliyin nümayəndəsinə mövzu ilə bağlı suallar ünvanlayıb və real iş mühiti ilə bağlı praktik tövsiyələr əldə ediblər.
Görüşün sonunda “Start” Karyera Akselerasiya Proqramına iştirak üçün qeydiyyat qaydaları izah olunub.
Qeyd edək ki, proqram Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi tələbələrin əmək bazarına daha sürətli, məqsədyönlü və dayanıqlı inteqrasiyasını təmin etmək, onların praktiki bacarıqlarını gücləndirməklə ilk iş təcrübəsinə keçidini asanlaşdırmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi





