NEWS
Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar öz işini yekunlaşdırıb
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Qoxmaz Quliyevin rəhbərliyi ilə təşkil olunan “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar öz işini uğurla yekunlaşdırıb. 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri ərzində şənbə günləri mütəmadi olaraq keçirilən seminarlarda dünya ədəbiyyatının müxtəlif inkişaf mərhələləri, aparıcı ədəbi cərəyanları, görkəmli sənətkarların yaradıcılığı və aktual ədəbiyyatşünaslıq problemləri ətrafında geniş elmi müzakirələr aparılıb. Seminarlar çərçivəsində iştirakçılar müxtəlif dövrlərin ədəbi proseslərini təhlil edib, dünya ədəbiyyatının inkişaf meyilləri və nəzəri məsələləri barədə fikir mübadiləsi aparıblar.
Seminarlarda Azərbaycan Universitetinin akademik heyəti ilə yanaşı, Azərbaycan Dillər Universitetinin əməkdaşları, doktorantları və dissertantları da fəal iştirak edib. Bu da iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın möhkəmlənməsinə və təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradıb.
Seminarların yekun görüşündə professor Qoxmaz Quliyev iştirakçılara fəal iştiraklarına və elmi müzakirələrə verdikləri töhfələrə görə təşəkkürünü bildirib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. İştirakçılar da öz növbəsində seminarların yüksək elmi səviyyədə təşkil olunduğunu vurğulayaraq, bu təşəbbüsün gələcək illərdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, “Dünya ədəbiyyatı tarixi” seminarları Azərbaycan Universitetində elmi düşüncənin inkişafına, dünya ədəbi irsinin daha dərindən öyrənilməsinə və gənc tədqiqatçıların akademik potensialının formalaşdırılmasına xidmət edən mühüm elmi platformalardan biri kimi fəaliyyət göstərir. Seminarlar iştirakçıların nəzəri biliklərinin zənginləşdirilməsi, elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və müasir humanitar düşüncənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yüksək elmi səviyyəsi və məzmun zənginliyi ilə seçilən “Dünya ədəbiyyatı tarixi” seminarları müəllimlər, doktorantlar, dissertantlar və tələbələr üçün səmərəli akademik müzakirə platformasına çevrilərək elmi mühitin inkişafına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə dəyərli töhfələr verir.
İctimaiyyətlə əlaqələr şöbəsi
