NEWS
“Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması” mövzusunda infosessiya keçirilib
Azərbaycan Universitetində “Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici infosessiya keçirilib.
Tədbiri giriş sözü ilə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq mövzunun aktuallığını vurğulayıb, “Əqli mülkiyyət və ixtiraların patentləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda əqli mülkiyyət anlayışı, onun əsas növləri, patentlər, əmtəə nişanları, müəlliflik hüququ, patentləşdirmənin əhəmiyyəti, əsas mərhələləri və beynəlxalq patentləşdirmə məsələləri ətraflı izah olunub.
Sonra Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva “Süni intellekt dövründə əqli mülkiyyət, akademik etika və plagiat problemləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellekt, ondan istifadəyə icazə verilən və verilməyən hallar, bu sahədə formalaşan əsas prinsiplər diqqətə çatdırılıb. Lətifə Ağamalıyeva həmçinin süni intellekt məzmununun aşkarlanması, antiplagiat sistemləri və AI vasitəsilə yaradılmış mətnlərin xüsusiyyətləri barədə məlumat verib.
Təqdimatların ardınca Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov çıxış edərək, mövzu ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. Prorektor qeyd edib ki, əqli mülkiyyət sisteminin mərkəzində insan dayanmalıdır və süni intellekt müəllif deyil, alət kimi qəbul olunmalıdır. Yusif Qasımov süni intellektdən istifadənin xüsusilə elmi və yaradıcı işlərdə açıq şəkildə bildirilməsinin vacibliyini qeyd edib.
Tədbir 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə müəllimlər, tələbələr, gənc tədqiqatçılar və alimlər arasında əqli mülkiyyətə marağın artırılması, bu sahədə mədəniyyətin formalaşdırılması məqsədilə təşkil olunub.
Tədbirin sonunda “ASAN xidmət” və İDEA Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Dünyanı Yarat! 2 - Rəqəmsal Həllər Hakatonu” layihəsində iştirak edən tələbələrə sertifikatları təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi










