NEWS

Tələbəmiz elmi seminarda “Lahıcın folklor yaddaşı” mövzusunda məruzə ilə çıxış edib

Tələbəmiz elmi seminarda “Lahıcın folklor yaddaşı” mövzusunda məruzə ilə çıxış edib

02 october 2018

Baxış sayı: 3907

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Afaq Aslanova “Lahıc əsl folklor məkanıdır” mövzusunda elmi seminarda məruzə ilə çıxış edib. “Lahıcın folklor yaddaşı” adlı məruzə Lahıcın təbiəti, tarixi keçmişi, adət-ənənələri, yetişdirdiyi görkəmli şəxsiyyətlər və elm xadimlərinə həsr olunub.  

Tədbir Beynəlxalq Mətbuat Mərkəzində ziyalıların, QHT nümayəndələri və tələbələrin iştirakı ilə  “Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir. Məqsəd azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır.

Tədbiri AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin professoru, Əməkdar elm xadimi Kamran Əliyev açaraq qeyd edib ki, layihə çərçivəsində AMEA-nın Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material toplayıblar.

Kamran Əliyev çıxışında Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyini diqqətə çatdıran professor qeyd edib ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.

Lahıc haqqında videoçarx nümayiş etdirildikdən sonra Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Lahıcın təbiəti və adamları”,  Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Səma altında açıq muzey”, həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Lahıcda iki gün, iki gecə” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, layihə professor Kamran Əliyevin rəhbərliyində həyata keçirilir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.10.2018

OTHER NEWS