NEWS
Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı iki günlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, həmçinin əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.
Tədbirdən əvvəl universitet rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Beynəlxalq tədbiri salamlama nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq bildirib ki, ali təhsil sistemi tarixi bir transformasiya mərhələsindən keçir. Bu baxımdan konfransın mövzusu olan “qlobal baxış və lokal təsir” yanaşması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, onun yerli reallıqlara uyğunlaşdırılması ali təhsilin effektivliyini müəyyən edən əsas amillərdəndir. Çünki hər bir universitet yalnız qlobal sistemin bir hissəsi deyil, həm də öz cəmiyyətinin inkişafında mühüm rol oynayan bir mərkəzdir.
Rektor vurğulayıb ki, Azərbaycanın ali təhsil sisteminin inkişafının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu strateji kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər mühüm sahələrə göstərilən ardıcıl diqqət və dəstək, bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova; Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov; Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər. Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, qlobal rəqabət mühitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunulub.
Açılış mərasimindən sonra konfrans iki plenar sessiya ilə davam edib. Birinci plenar sessiyada Türkiyənin TED Universitetinin professoru Kürşat Çağıltay “Is Artificial Intelligence the New Savior of Higher Education?” (Süni intellekt ali təhsilin yeni xilaskarıdırmı?) mövzusunda çıxış edərək süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri barədə geniş təhlil təqdim edib. İkinci plenar sessiyada isə Böyük Britaniyanın Middlesex Universitetinin professoru Paul Gibbs “Thinking, AI and the future of the scholar” (Düşüncə, süni intellekt və tədqiqatın gələcəyi) adlı məruzəsi ilə akademik fəaliyyət və sahibkarlıq yanaşmaları arasında balans məsələlərinə diqqət çəkib.
Tədbirin bölmə iclaslarında isə süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri; ali təhsildə rəqəmsal transformasiya, bilik transferi, qloballaşma və beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, sosial məsuliyyət və bərabərlik, həmçinin idarəetmə, keyfiyyət təminatı və gələcəyin bacarıqları kimi aktual istiqamətlər üzrə elmi tədqiqatların nəticələri təqdim olunub, müzakirələr aparılıb.
“The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) beynəlxalq konfransı sabah da davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi


















