NEWS

İKT fakültəsinin dekanı Asif Paşayevə ICPC-nin xüsusi mükafatı təqdim olunub

Azərbaycan Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin (ICPC) 20 illiyinə həsr olunmuş simpoziumda təmsil olunub. Tədbirdə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, cari ildə və ötən illərdə Azərbaycan Universitetini adıkeçən müsabiqədə təmsil etmiş komandaların üzvləri (Məmməd Kərimli - 2017-ci il məzunu; Əyyub Hacıyev - 2018-ci il məzunu; Cavid Həsənli - 2017-ci il məzunu; Rəşid Abbaszadə - 2017-ci il məzunu; Vaqif Gülməmmədov - 2017-ci il məzunu; Ülvi Sadiqzadə - İnformasiya texnologiyaları, II kurs; Yunis Bədəlov -  İnformasiya təhlükəsizliyi, II kurs) iştirak edib. 

Simpozuim çərçivəsində ICPC hərəkatı, proqramlaşdırma olimpiadalarının İT sənayesinə təsiri və ölkənin rəqəmsallaşmasında rolu mövzularında panel sessiyaları təşkil olunub. Tələbələrin, ümumilikdə isə gənclərin proqramlaşdırma və İT sahəsinə marağının artırılması istiqamətində müzakirələr aparılıb. Həmçinin yerli universitetlərin beynəlxalq müsabiqələrdə göstərdiyi yüksək nəticələr diqqətə çatdırılıb. Bildirilib ki, hazırda Azərbaycanın daxil olduğu regional qrup dünyada aparıcı yer tutur. 

Simpoziumda 5 ildən çox aktiv fəaliyyət göstərən komanda məşqçiləri, o cümlədən Azərbaycan Universitetinin İKT fakültəsinin dekanı Asif Paşayevə xüsusi mükafat təqdim olunub. 

Qeyd edək ki, tədbir “Technest” təqaüd proqramının “Proqramlaşdırma üzrə beynəlxalq olimpiadalara hazırlıq sisteminin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, “ICPC Azərbaycan” təşkilat komitəsinin nümayəndələri, tələbə komandalarının rəhbərləri, proqramlaşdırma müsabiqəsinin iştirakçıları, müxtəlif illərdə bu müsabiqədə Azərbaycanı təmsil etmiş məzunlar, o cümlədən yerli və beynəlxalq ekspetlər iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS