NEWS

İnformasiya təhlükəsizliyinə həsr olunmuş konfrans işini yekunlaşdırıb

İnformasiya təhlükəsizliyinə həsr olunmuş konfrans işini yekunlaşdırıb

29 october 2021

Baxış sayı: 1731

Bu gün Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans pandemiya ənənələrinə uyğun olaraq zoom platforması vasitəsilə onlayn qaydada təşkil olunub.

Elmi konfransı Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru və tədbirin təşkilat komitəsinin həmsədri, professor Yusif Qasımov açaraq tədbirin olduqca aktual mövzuya həsr olunduğunu qeyd edib. Prorektor çıxışında Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti arasındakı əməkdaşlığın istiqamətləri haqqında məlumat verib və bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıqların qurulması hər iki universitetin strateji hədəfləri sırasındadır.

Yusif Qasımov bu gün Türkiyədə Respublika Gününün qeyd olunduğunu xatırladaraq dost və qardaş ölkəyə, həmçinin konfransda iştirak edən Türkiyəli alim və tədqiqatçlara Azərbaycan Universitetinin rəhbərliyi və kollektivinin  təbrik və xoş arzularını çatdırıb.

Beynəlxalq tədbirin açılışında Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva konfrans iştirakçılarına müraciət edərək konfransın işinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi informasiya-kommunikasiya texnologiyaları sahəsində təkcə Ukraynada deyil, regionda da ciddi uğur və ənənələrə malik Xarkov Milli Radioelektronika Universiteti ilə 2019-cu ildən başlayaraq əməkdaşlıq proqramları həyata keçirir. Tərəflər arasında imzalanmış memoranduma əsasən kompüter mühəndisliyi və kompüter elmlərini əhatə edən beynəlxalq birgə ikili diplom proqramı tətbiq olunur. Bugünlərdə müasir texniki avadanlıqlarla təchiz olunmuş informasiya təhlükəsizliyi üzrə birgə tədris-tədqiqat laboratoriyası istifadəyə verilib. Bugünkü birgə beynəlxalq konfrans universitetlər arasındakı səmərəli əməkdaşlığın məntiqi davamıdır və olduqca aktual mövzuya həsr olunub. Əməkdaşlıq gələcəkdə yeni istiqamətləri də əhatə edəcək.

Xarkov Milli Radioelektronika Universitetini açılışda elm və innovasiyalar üzrə prorektor Murad Omarov təmsil edib. Prorektor qeyd edib ki, informasiya təhlükəsizliyi üzrə ciddi infrastruktura, kadr potensialına və təcrübəyə sahib Xarkov Universitetinin əməkdaşları konfransda 12 məruzə ilə iştirak edirlər. Xarkov Milli Radioelektronika Universiteti Azərbaycan Universiteti ilə əməkdaşlıqdan olduqca məmnundur və yeni istiqamətlər üzrə daha da genişlənməsi arzusundadır.

Elmi konfransın açılışında Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya Təhlükəsizliyi üzrə birgə Tədris-Tədqiqat Laboratoriyasının iştirkçılar üçün videoformatda təqdimatı da olub.

Açılışın ardından Xarkov Milli Radioelektronika Universitetinin əməkdaşları  Lemeşko Aleksandr, Yevdokimenko Marina və Yeremenko Aleksandranın “Marşrutlaşdırma vasitəsi ilə şəbəkə təhlükəsizliyi: problemlər və həllər”, Türkiyənin Ondokuz Mayıs Universitetinin dosenti Sedat Akleylekin “Kriptoqrafiyada çətinliklər və imkanlar: kvant dövründə qəfəs əsaslı və kod əsaslı kriptoqrafiyanın formal analizi” mövzularında plenar məruzələri dinlənilib.

Plenar məruzələrin ardından konfrans işini Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və informasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevin sədrlik etdiyi bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında iştirakçıların informasiya təhlükəsizliyinin əsas konseptual istiqamətləri, informasiya sistemlərinin təhlükəsizliyinin proqram vasitələri, kriptoqrafiya, big data, bulud texnologiyalarında təhlükəsizlik problemləri, kiber təhlükəsizlik, informasiyanın işlənməsinin avtomatlaşdırılması, informasiya - kommunikasiya sistemlərinin təhlükəsizliyi, informasiya təhlükəsizliyinin idarəedilməsi kimi mövzularda konfransa təqdim etdikləri elmi tədqiqat işlərinin nəticələri müzakirə olunub.  

Elmi konfransın bölmə iclaslarında Ukraynanın Xarkov milli Radioelektronika Universiteti, Türkiyənin Ondokuz Mayıs Universiteti, Ege Universiteti, Dokuz Eylül Universiteti, Azərbaycanın AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,   Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Uqtisad Universiteti və digər universitet və elmi institutlardan təqdim edilmiş 40-dan artıq məruzə dinlənilib.

Olduqca zəngin programa malik konfrans informasiya texnologiyalarının sürətli inkişafı və onun insan fəaliyyətinin bütün sahələrinə total nüfuz etdiyi indiki şəraitdə məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin, araşdırılmasının, qeyd edilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilib. Konfrans informasiya təhlükəsizliyinin ən geniş spektrində çalışan alim və mühəndislərə son elmi nəticələrini paylaşmaq və yeni elmi ideya və istiqmətləri müzakirə etmək üçün platforma təklif edir.

“İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransının həmsədrləri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Xarkov Milli Radioelektronika Universitetinin rektoru Valeri Semenets, təşkilat komitəsinin həmsədrləri isə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasmov və Xarkov Milli Radioelektronika Universitetini elm və innovasiyalar üzrə prorektoru Murad Omarovdur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
29.10.2021

OTHER NEWS