NEWS
İqtisadiyyat və idarəetmə kafedrasında növbəti elmi seminar keçirilib
Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrası “Azərbaycan Respublikasının iqtisadi suverenliyi və dayanıqlı inkişaf strategiyası” mövzusuna həsr olunmuş elmi seminar keçirib. Universitetin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunan tədbirin açılışında kafedranın müdiri Tural Qocayev mövzunun mahiyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Kafedra müdiri məruzəsində iqtisadi suverenliyin milli inkişafda oynadığı mühüm rolu vurğulayıb, seminarın bu sahədə aparılacaq elmi müzakirələrə töhfə verəcəyini qeyd edib.
Seminarda kafedranın müəllimləri – iqtisad elmləri namizədi, dosent Əli Ağa İsmayılzadə, Məhəmməd Mustafayev, Fədai Mərdanlı, Rəfail Mərdiyev və Ülviyyə Mehdiyeva mövzunun müxtəlif istiqamətlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Seminarda Azərbaycanın sovet dövründəki iqtisadi vəziyyəti, Azərbaycan iqtisadiyyatında sabitlikdən dayanıqlı inkişafa keçid, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadi müstəqilliyin təmin olunması istiqamətində həyata keçirdiyi strateji islahatlar təhlil edilib. Həmçinin iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf siyasəti və bu istiqamətdə atılan addımlar, təbii ehtiyatlardan səmərəli istifadə, eləcə də müharibələrin iqtisadi müstəqilliyə təsiri kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi