NEWS

Azərbaycan Universitetində Menecment ixtisası üzrə təhsil proqramlarının inkişafına dair müzakirə təşkil olunub

Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin təşəbbüsü, İqtisadiyyat və idarəetmə kafedrasının təşkilatçılığı ilə Menecment ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində tətbiq olunan təhsil proqramlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Görüşün əsas məqsədi ixtisas proqramlarının məzmununun əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, tələbələrə praktiki bacarıqlar qazandıracaq tədris mühitinin yaradılması, həmçinin universitet ilə biznes sektoru arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olub.

“Zarat” Şirkətlər Qrupunun İnsan Resursları şöbəsinin müdiri Elnarə Cabbarova, fakültənin dekan müavinləri Nahid Almasov və Qoşqar Qarayev, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, universitetin məzunu Fərəməz Xalıqzadə və kafedranın müəllim heyəti iştirak etdiyi tədbirdə mövzu ilə bağlı fikirlər dilə gətirilib, təkliflər səsləndirilib. 

“Zarat” Şirkətlər Qrupunun nümayəndəsi Elnarə Cabbarova tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da yiyələnməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə tələbələrin yerli iş adamları ilə əlaqələrinin genişləndirilməsi, istehsalat müəssisələrinə ekskursiyaların təşkili və universitetlə biznes strukturları arasında davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasının əhəmiyyətini qeyd edib.

Kafedranın müəllimləri Əliağa İsmayılzadə və Rafael Mərdiyev də çıxış edərək Menecment ixtisasının inkişaf perspektivləri, tədris proqramlarının strukturlaşdırılması və fənlərin praktik əhəmiyyəti ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

Görüşün sonunda səsləndirilən tövsiyə və təkliflərin sistemləşdirilərək gələcəkdə yenilənəcək təhsil proqramlarında nəzərə alınması qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS