NEWS
Azərbaycan Universiteti ilə “Oykos” İnkişaf Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, Tədris şöbəsinin mütəxəssisi Zeynəb Babayeva və “Oykos” İnkişaf Mərkəzinin rəhbəri Şəhla Əliyeva arasında görüş keçirilib. Görüşdə Azərbaycan Universiteti ilə “Oykos” İnkişaf Mərkəzi arasında əməkdaşlıq perspektivləri, tələbələrin inkişafına yönəlik təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər ilk növbədə Azərbaycan Universitetinin tələbələri üçün istehsalat təcrübəsinin təşkili, onların real iş mühiti ilə tanış olması və praktiki bacarıqlarının inkişaf etdirilməsi kimi məsələləri müzakirə ediblər. “Oykos” İnkişaf Mərkəzində praktik fəaliyyət, müşahidə proqramları və sahə üzrə mentorluğun tətbiqi imkanları da nəzərdən keçirilib.
Görüş zamanı karyera imkanlarının genişləndirilməsi, məzunların əmək bazarına adaptasiyası və sosial xidmət sahəsində artan tələbat fonunda kadr hazırlığının əhəmiyyəti xüsusi vurğulanıb. Əmək bazarının çağırışlarına cavab verən, praktik bacarıqlara malik mütəxəssislərin hazırlanması, sosial iş üzrə yeni kompetensiyaların formalaşdırılması və tələbələrin real sosial xidmət proseslərinə cəlb olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Qarşılıqlı anlaşma və səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə tərəflər gələcək əməkdaşlıq üçün konkret təşəbbüslərin irəli sürülməsi barədə razılığa gəliblər.
İctimaiyyətlə əlaqələr şöbəsi