NEWS
P&G şirkəti Azərbaycan Universitetinin tələbələrini karyera imkanları ilə tanış edib
"Procter&Gamble Azərbaycan" şirkətinin nümayəndələri Azərbaycan Universitetində biznes və iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşüb. Görüşün əsas məqsədi şirkətin yay təcrübə proqramı (P&G-Summer Internship Program) haqqında tələbələri məlumatlandırmaqdan ibarət olub.
Görüşdə qeyd olunub ki, təcrübə proqramlarında iştirak gənclər üçün karyeraya ilk addımın mühüm tərkib hissələrindən biridir. P&G şirkəti yay təcrübə proqramı ilə gənclərə böyük imkanlar yaradır. Proqramı uğurla başa vurmuş tələbələr gələcəkdə potensial işçi kimi dəyərləndirilə bilər.
Şirkət nümayəndələri iştirakçıları müraciətin qayda və tələbləri ilə tanış edib. Bildirilib ki, proqram bakalavriat pilləsində təhsil alan III və IV kurs tələbələri ilə magistratura pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. 1 iyun 2016 – 15 sentyabr 2016-cı il tarixləri arasında həyata keçiriləcək olan proqram tam zamanlıdır. Seçim prosesini uğurla adlayanlar şirkətin marketinq, satış və maliyyə departamentlərində real biznes layihələrində işləyəcək və əmək haqqı alacaqlar.
Görüşdə P&G şirkətinin yaranma tarixi, dünyada və yerli bazardakı mövqeyi, aparıcı brendləri və sosial proqramları haqqında da məlumat verilib. Həmçinin şirkətin Azərbaycan nümayəndəliyinin iş prinsipləri, satış, marketinq, logistika bölmələrinin fəaliyyəti izah olunub.
Tədbirdə tələbələrin şirkətin fəaliyyəti və təcrübə proqramının təşkilinə dair sualları da cavablandırılıb.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.11.2015