NEWS

Parlaq Zəkanın yazılı seçim turu yekunlaşıb

Parlaq Zəkanın yazılı seçim turu yekunlaşıb

22 october 2015

Baxış sayı: 7075

“Synergy Group”un sponsorluğu, Azərbaycan Universiteti və Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellekual İnkişafı Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən "Parlaq Zəka" intellektual televiziya oyununun III mövsümü üçün II seçim turunun ilkin mərhələsi başa çatıb. Yazılı seçim turu Azərbaycan Universitetinin I tədris binasında keçirilib. Bu mərhələni uğurla adlayanlar üzbəüz müsahibəyə dəvət olunacaqlar.
İki mərhələli seçim turundan uğurla keçən iştirakçılar verilişin çəkilişlərində iştirak etmək hüququ əldə edəcək. Çəkilişlərdə mövzular əvvəlcədən təqdim edilir və hazırlaşmaq üçün müddət verilir. Gələcəyini indidən qurmaq istəyən hər bir gəncin xəyalı ola biləcək mükafatlar uğrunda mübarizə 26 oktyabrda başlayacaq. Yarışmanın redaksiyasından verilən məlumatda II mərhələyə keçənlərlə oktyabrın 26-na kimi əlaqə saxlanacağı bildirilir və telefonların açıq saxlanması xahiş olunur.
Rusiyanın 1-ci kanalında 20 ildən çox yayımlanan intellektual şou - məşhur “Умницы и умники” verilişinin yerli forması olan yarışmada yalnız bakalavriat pilləsində təhsil alan tələbələr öz biliklərini sınayır. Layihənin məqsədi ölkədəki  istedadlı ve savadlı gənclərin üzə çıxarılması, Azərbaycan gəncliyinin inkişafına töhfə vermək,  dünyagörüşünü zənginləşdirmək, müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına yardım etməkdir. Viktorinanın özəyi-intellektual yarış, oyun ərzində səhv etmək im kanlarının məhdudluğu, zəkalar, iddiaçıların iştirak etmək imkanları, qaliblərin ali təhsil müəssisəsinə qəbul edilməsi və s. dəyişməz olaraq qalır.
Sualların mövzusu Azərbaycan və dünya tarixi, mədəniyyəti, coğrafiya, idman, fəlsəfə, ümumi mövzular və s. əhatə edir. Sualların tərtibatı və seçilməsi ilə xüsusi redaksiya heyəti məşğul olur. Sualların hazırlanması zamanı mənbələrin etibarlılığı, sualların faydalılığı və məqsədli təyinatı maksimal dərəcədə nəzərə alınır. Eyni zamanda, tematik veriliş formatı olduğu kimi saxlanır.
Oyunun əsas hədiyyələri kimi qaliblərin magistratura pilləsində pulsuz təhsil almaları üçün xaricə göndərilməsi nəzərdə tutulur. Qalibləri müvafiq olaraq  5 illik qüvvəsi olan 40 min, 30 min və 20 min AZN-lik təqaüd gözləyir.
Qeyd edək ki, AZTV-də yayımlanan “Parlaq Zəka” intellekt şousunun I mövsümündə II olan Mirəziz Əzizli Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsilini başa vuraraq 15 sentyabr tarixində İngiltərəyə yola düşüb. O artıq təhsilini University of East Anglia (UEA)-da davam etdirəcək.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
22.10.2015

OTHER NEWS