NEWS

Azərbaycan Universitetində Probasiya xidmətinin təşkilatçılığı ilə seminar keçirilib

Azərbaycan Universitetində Probasiya xidmətinin təşkilatçılığı ilə seminar keçirilib

30 october 2026

Baxış sayı: 16

Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinin və universitetin rəhbər şəxslərinin, professor-müəllim heyətinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşlarının, mediatorlar, sosial işçilər və psixoloqların iştirakı ilə seminar keçirilib. Azərbaycan Universiteti ilə Probasiya xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində təşkil edilmiş seminarın məqsədi probasiya sahəsində aparılan islahatlar, probasiya fəaliyyətində çoxsahəli yanaşmanın tətbiqi, o cümlədən probasiya nəzarətində olan şəxslərin sosial müdafiəsi, məşğulluq imkanlarının artırılması, zərərçəkmişlə məhkum arasında bərpaedici ədliyyə üzrə görülən tədbirlər barədə məlumat vermək olub.

Tədbirdən əvvəl Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə Probasiya xidmətinin rəisi Vüqar Ağayev arasında görüş keçirilib. Görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası çərçivəsində görülmüş işlər, qarşıda duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov və rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak ediblər.

Seminarda Probasiya xidmətinin rəisi Vüqar Ağayev, Probasiya xidmətinin Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov, Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Elşən Kərimli və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış ediblər. Çıxışlarda probasiya fəaliyyətinin praktiki əsasları, probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji vəziyyətinin yaxşılaşdırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, bu tədbirlərin yeni cinayət törətmə riskinin azaldılmasında rolu barədə məlumat verilib, prosesə könüllülərin cəlb edilməsinin təşviqi, təhsil alanların Probasiya xidmətində təcrübə keçmələrinin təşkilinin zəruriliyi qeyd olunub. Həmçinin peşəkar kadr hazırlığında ali təhsil müəssisələri ilə müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanmasında və gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rolu vurğulanıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS