NEWS

Professor Qorxmaz Quliyevə böyük ehtiram və sayqı ilə

Professor Qorxmaz Quliyevə böyük ehtiram və sayqı ilə

09 july 2021

Baxış sayı: 1820

Ətrafımızda elə insanlar var ki, onların tək bir varlığı, mövcudluğu dünyanı daha da dolğunlaşdırır, zənginləşdirir. Tanrı belə insanları yaşadıqları cəmiyyətə işıq salmaq, öz bilik və bacarıqları ilə digərlərini aydınlatmaq üçün yaradır. Belə nurlu, ziyası, istedadı fitrətdən gələn insanlardan biri də Azərbaycan humanitar elminin görkəmli nümayəndələrindən olan filologiya elmləri doktoru, professor Qorxmaz Həsi oğlu Quliyevdir. Qorxmaz müəllimin adı gələndə gözümüzün önündə əsil alimə xas olan bütün zahiri, daxili və intellektual keyfiyyətləri özündə birləşdirən müdrik bir insanın obrazı canlanır.  O, yalnız gözəl alim deyil, həm də bir ləyaqət mücəssəməsidir.

Mən hər zaman Qorxmaz müəllimi canlı ensiklopediya adlandırmışam. O, son dərəcə universal biliyə, geniş erudisiyaya və dərin analitik təfəkkürə malik alimlərimizdəndir. Onun çoxşaxəli elmi fəaliyyəti “Dəlidən doğru xəbər” (1999),  “XX əsr Amerika ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” (2011),       “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları” (2012), “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” (Ü.Rəhimova ilə həmmüəllif, 2014), “Amerika ədəbiyyatı: tarixi oçerklər” (Ü.Əliyeva ilə həmmüəllif, 2016), “Xüsusidən ümumiyə” (2016),  “Multikulturalizmin əsasları” (2016), “Ədəbi cərəyanlar və istiqamətlər” (2019), “Müasir Qərb dramaturgiyası” (G.Hüseynli ilə həmmüəllif, 2019)  və onlarla digər bu kimi tədqiqat əsərlərində, keçirdiyi elmi seminarlarda dolğunluğu ilə əksini tapır. Alim öz məqalələrində, dərslik və monoqrafiyalarında yalnız xarici ədəbiyyatın nəzəri və praktik məsələrini araşdırmir, həmçinin yeri gəldikcə Azərbaycan ədəbiyyatının nəzəri problemlərini də dünya ədəbiyyatı kontekstində təhlilə cəlb edir.

Qorxmaz müəllim həm də təcrübəli pedaqoq kimi uzun illərdir ali məktəb auditoriyalarında tələbələrə xarici ədəbiyyatın bu və ya digər nəzəri problemləri ilə bağlı mühazirələr oxuyur,  onlara  dünya ədəbiyyatına dair ən vacib və universal biliklər aşılayır. Onun dinləyici auditoriyası yalnız tələbələrlə məhdudlaşmır, o, yorulmadan böyük şövqlə gənc alim və tədqiqatçılar üçün müxtəlif mövzuları əhatə edən seminarlar təşkil edir, öz bilik və təcrübələrini onlarla bölüşür.

Q.Quliyev 1981-ci ildə “Fransız bədii ekzistensialist ədəbiyyatında insan və cəmiyyət problemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etməklə Qərb ədəbi-fəlsəfi fikrində geniş yayılan və böyük maraq kəsb edən ekzistensializm təlimini ilk dəfə bir problem kimi Azərbaycan ədəbiyyatşünaslığına gətirdi.  Onun bu mövzuya müraciət etməsi təkcə problemin aktuallığı və elmi yeniliyi ilə bağlı deyildi. Bu həm də Qorxmaz müəllimin özünün xarakteri ilə bağlıdır. İkinci adı azadlıq nəzəriyyəsi olan ekzistensializm həm də onun azad ruhu, həyat fəlsəfəsi ilə üst-üstə düşür. 1991-ci ildə isə o, “Azərbaycan ədəbiyyatında fərdi üslubun yaranması və inkişafı” adlı doktorluq dissertasiyasını  müdafiə etmiş, Azərbaycan maarifçiliyinin banisi M.F.Axundovun və Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcısı C.Məmmədquluzadənin fərdi üslub xüsusiyyətlərini Qərb ədəbiyyatşünaslığının problemləri çərçivəsində tədqiq edtmişdir.

Q.Quliyev respublikamızda əsasən dünya ədəbiyyatı üzrə mütəxəssis kimi tanınır. O, elmi kadrların yetişdirilməsi sahəsində məhsuldar fəaliyyət göstərmiş,  ADU-nun nəzdində Müdafiə Şurası fəaliyyətə başladığı gündən onun üzvü olmuş, 5718.01-Dünya ədəbiyyatı ixtisasını təmsil etmiş, 2016-cı ildən AMEA-nın Ədəbiyyatşünaslıq üzrə problem şurasında Dünya ədəbiyyatı mütəxəssisi kimi fəaliyyət göstərmişdir. Respublikamızda onlarla xarici ədəbiyyat mütəxəssisi məhz onun rəhbərliyi altında yetişib. Q.Quliyev  30-a yaxın doktorant və dissertanta bu ixtisas üzrə elmi rəhbərlik və elmi məsləhətçilik etmişdir.

Qorxmaz müəllim bu gün də öz xeyirxah və şərəfli missiyasını  davam etdirir. Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında onun adı ilə  bağlı bir məktəb yaranmışdır, desək yanılmarıq. Böyük fəxr hissi ilə mən də özümü bu məktəbin yetirməsi hesab edir və qürur duyuram ki, “Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)” mövzusunda yazdığım doktorluq dissertasiyanın elmi məsləhətçisi məhz professor  Q.Quliyev olub. Onun dəyərli məsləhətləri, tədqiatçını düzgün istiqamətə yönəltmək və onunla işləmək bacarığı mənə öz işimi müvəffəqiyyətlə başa vurmaqda mühüm rol oynadı.

Tarixin bütün dönəmlərində ən qüdrətli hökmdarlar, sərkərdələr alimlərin qarşısında baş əymiş, ona təzim etmişlər. Alimə yüksək qiymət verən dinimiz onun qələmindən düşən bir damcı mürəkkəbi şəhidin qanına bərabər tutmuşdur. Q.Quliyev də qarşısında təzim edilən, ən yüksək ehtirama layiq olan alimlrimizdəndir. Bu gün Qorxmaz müəllim dünyaya ömrünün 80 ilinin yüksək zirvəsindən baxır. Onun qismətinə düşən mənalı, dəyərli və şərəfli ömür yolunu bundan sonra da can sağlığı ilə davam etdirməsini və bizləri yeni elmi nailiyyətləri ilə sevindirməsini arzulayıram. Bir insan, alim, pedaqoq kimi adının qarşısında ən gözəl epitetləri yazdıran Qorxmaz müəllim, cox yaşayın və dünyamızı öz varlığınızla mənalandırmaqda davam edin. Tanrı Sizi qorusun!

 Həmidə Əliyeva
Filologiya elmləri doktoru

OTHER NEWS