NEWS
İnsanlıq meyarı
“Mən özümü heç də böyük uğur qazanmış adam hesab etmirəm. Mən müəlliməm, amma bu vaxta qədər tamamilə razı qaldığım dərsi deyə bilməmişəm. Hərdən bir xırda-para yazılar yazıram, amma heç bir yazımdan məmnunluq hissi duymuram. Hərdən bir kitabxanama baxıram, dəqiq şəkildə başa düşürəm ki, burada olan kitabları axıra kimi heç vaxt oxuyub başa çatdıra bilməyəcəyəm. Amma əsas məsələ uğur qazanmaqla yox, dünyanı dərk etməyə can atmaqla bağlıdır və başa düşmək lazımdır ki, Allahın bizə bəxş etdiyi bu intəhasız prosesdə mən yalnız kiçik bir halqayam. Amma elə bir halqayam ki, heç kim məni əvəz etmək iqtidarında deyil. Bununla bağlı qürur duyuram”.
Professor Qorxmaz Quliyev
Söhbət bu sətirlərin müəllifindən gedir. Elə bir adamdan ki, haqqında danışanda hətta böyük alimlər də onu özünün müəllimi hesab edirlər. Məşhur bir deyim var: Alim olmaq asandır, adam olmaq çətin... Ancaq Qorxmaz müəllim kimi alim olmaq asan deyil. Onun səviyyəsində adam olmaq da hər şəxsə nəsib olmur...
Qorxmaz müəllimin yazıları elmi müstəvidə bütün filoloqlara bəllidir. Xarakterindəki dürüstlük, sadəlik, təmizlik bütün yazılarına hopub sanki... Hətta Qorxmaz müəllimi şəxsən tanımayan kimsə onun mətnlərini oxuduqda içində “necə gözəl adamdır?!” deyə düşünür. O nədən yazırsa yazsın, mütləq şəkildə, ilk növbədə, mətləbə, mahiyyətə diqqəti çəkir... Yazılarından bəllidir ki, təkcə haqqında bəhs etdiyi mövzuya, təhlil elədiyi problemlə bağlı klassik şərh texnologiyalarına, humanitar düşüncənin metodlarına, estetik fikrin bütün müddəalarına elə səviyyədə aşinadır ki, bunu oxuyub çatdırmaq olmaz, bunun üçün ayrıca istedad sahibi olmaq lazım gəlir... Lakin Qorxmaz müəllim özünü alim hesab etmir, o hər zaman “heç bir dərsimdən razı qalmayan müəlliməm” deyir...
Mən onun haqqında bəlkə, saatlarla danışaram, lakin onu da dərk edirəm ki, heç bir sözüm, cümləm onun həm zahiri, həm də daxili gözəlliyini tam ifadə etmək iqtidarında deyil. Sözlər heç vaxt duyğuları, yaşananları tam ifadə etmək qüdrətində deyil. Fərqində olduğum tək bir şey - Qorxmaz adlı bir işıq var, bu işıq bizi nəfsin sınaqlarından, məkrdən, naqis mühitin bütün hiylə dolu əməllərindən uzaq tutan bir yola səsləyir. Mənim müəllimə ən böyük arzum: qoy onun nurlu siması hər zaman malik olduğu xoş təbəssümlə gülümsəsin- insanlıq meyarı olan sadəlik, səmimilik, təvazökarlıq, gözlərində oxunan xeyirxahlıq, uşaq məsumluğunu xatırladan təbəssümlə ...
Qorxmaz müəllim indi yeni yaşında da gənclik enerjisi ilə kitablarını, məqalələrini yazır, elmi-pedaqoji fəaliyyətini davam etdirir. Mən həssas ürəkli, əziz, doğma Qorxmaz müəllimi bu gözəl yaş münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirəm! Canı sağ, ömrü uzun olsun!
Dosent Ülviyyə Rəhimova
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri