NEWS
Rektor Səadət Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbriki
Yeni ilin astanasında bütün həmvətənlərimizi salamlayır, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, ən xoş, ən gözəl arzularımı çatdırıram.
Birlik və həmrəyliyimizin simvolu olan bu günü böyük qürurla qeyd edir və 2021-ci ilə böyük fəxarət hissi ilə addım atırıq. Bir neçə saat sonra tarix olacaq 2020-ci ildə pandemiyanın tüğyan etdiyi bir vaxtda dünya tarixi bir hadisəyə şahid oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən “dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyün təmin edərək, 2020-ci ili tariximizə Zəfər ili kimi yazdı. Xalqımız, bütün dünya azərbaycanlıları ölkəmizin haqq və ədalət mübarizəsi ətrafında yumruq kimi birləşərək təkcə düşüncədə deyil, əməldə də bir və həmrəy olduğunu sübut etdi.
Bizə qələbə sevincini yaşadan Vətən Müharibəsinin bütün iştirakçılarına dərin minnətdarlığımı bildirir, şəhidlərimizin ölməz ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, müalicəsi davam edən hərbçilərimizə şəfa arzulayıram.
İndi bizi qarşıda daha da böyük işlər, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri, şəhər və kəndlərimizin bərpası, dirçəldilməsi işləri gözləyir.
Qarşıdan gələn 2021-ci ildə ölkəmizə sülh və əmin-amanlıq, xalqımıza xoşbəxtlik, bolluq və bərəkət, dünyanın harasında olmasından asılı olmayaraq bütün həmvətənlərimizə can sağlığı, vahid vətənimizin daha da güclənməsi naminə işlərində uğurlar arzulayıram.
Birlik və həmrəyliyimiz daim olsun, sarsılmaz olsun!
İctimaiyyətlə əlaqələr şöbəsi
31.12.2020