NEWS

Rektor Fərid Əhmədov Erasmus tələbələri ilə görüşüb

Rektor  Fərid Əhmədov Erasmus tələbələri ilə görüşüb

18 january 2017

Baxış sayı: 5108

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov 2016/2017-ci tədris ilnin yaz semestrini Türkiyənin Anadolu Universitetində oxuyacaq tələbələrlə görüşüb. Tələbələr bu universitetə "Erasmus+" mübadilə proqramı ilə gedəcəklər.

Rektor qeyd edib ki, müxtəlif cəmiyyətlərin mədəniyyətləri ilə təmasda olmaq gənc nəslin dünyagörüşünün formalaşmasında böyük əhəmiyyət kəsb edir. Anadolu Universitetində təhsil almaq akademik inkişafla yanaşı tələbələrə yüksək şəxsi və bəşəri keyfiyyətlər də qazandıracaqdır: “Sizə bu imkandan maksimum faydalanmağı tövsiyə edir, uğurlar arzulayıram”.

Görüşdə tələbələrin valideynləri, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.

Qeyd edək ki, Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Nail Sadıqov (Maliyyə, IV kurs), Mehparə Cəfərova (Dünya iqtisadiyyatı, III kurs), Turan Nurməmmədova (Dünya iqtisadiyyatı, III kurs), Tərlan Rüstəmov (Maliyyə, III kurs) və Nuranə Abdullayeva (Mühasibat uçotu və audit, III kurs) “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuma hüququ əldə ediblər.

Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda səyahət xərcləri qarşılanacaq. Tələbələrin Anadolu Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universitetində müvafiq qaydada tanınacaq.

Xaricdə təqaüdlü təhsil imkanları ilə tanış olmaq istəyən bütün tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilər. Şöbə, I tədris binası, IV mərtəbədədir.

Tel: (+99412) 431 50 36 (birbaşa)
(+99412) 431 41 12/13/16/17 (113)
E-poçt: international.office@au.edu.az

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.01.2017

OTHER NEWS