NEWS

Rektor Səadət Əliyevanın “AZƏRTAC“ xəbər agentliyinə müsahibəsi

Azərbaycan Universitetinin şəhid məzunları: vətənpərvərlik və dövlətçilik örnəyi

Bakı, 25 iyun, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi uğurlarının əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji dövlətçilik konsepsiyası dayanır. Dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və güclü idarəçilik institutlarının formalaşdırılması ilə yanaşı, peşəkar milli ordunun yaradılması bu siyasətin əsas istiqamətlərindən biri olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva bildirib. O qeyd edib ki, müstəqilliyin ilk illərində mövcud olan siyasi qeyri-sabitlik və ordu quruculuğundakı problemlər dövlətçiliyimiz üçün ciddi təhlükələr yaratsa da, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edildi, vahid komandanlıq prinsipinə əsaslanan müasir Milli Ordunun formalaşdırılmasına başlanıldı. Həyata keçirilən struktur islahatları, hərbi intizamın gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və milli hərbi kadr hazırlığının inkişafı nəticəsində Azərbaycan Ordusunun institusional əsasları yaradıldı, gələcək hərbi uğurların təməli qoyuldu. Onun sözlərinə görə, Heydər Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyəti dövlətin uzunmüddətli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

S.Əliyeva vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə yüksəldilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması, hərbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, xüsusi təyinatlı və komando birliklərinin yaradılması, müdafiə sənayesinin inkişaf etdirilməsi və müntəzəm hərbi təlimlərin keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. “Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilərək öz üstünlüyünü real döyüş əməliyyatlarında təsdiqlədi. Ordumuzun peşəkarlığı və yüksək döyüş hazırlığı 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci il Günnüt əməliyyatında və nəhayət, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünün ən yüksək təzahürünü göstərdi”, – deyə rektor bildirib.

Rektor qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun yüksək döyüş qabiliyyətinin təntənəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, ölkənin ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin etdi. Bunun davamı olaraq 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.

Ali təhsil müəssisələrinin vətənpərvər gənclərin formalaşmasındakı rolundan danışan rektor bildirib ki, dövlətin hərbi qüdrətinin əsas dayaqlarından biri insan kapitalıdır. Bu baxımdan Azərbaycan Universiteti milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və yüksək vətəndaş məsuliyyətinə malik gənclərin yetişdirilməsinə xüsusi önəm verir.

S.Əliyeva əlavə edib ki, universitetin məzunlarının Vətən müharibəsində və ondan əvvəlki döyüşlərdə göstərdikləri qəhrəmanlıq ali təhsil ocağının qürur mənbəyidir. Aprel döyüşləri və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fəxrəddin Qurbanlı, Əli Nəcəfov, Mirsüleyman Süleymanov və Rəşad Nadirovun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlar ölümündən sonra müxtəlif orden və medallarla, o cümlədən “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşlar. Bu qəhrəman məzunların xatirəsi Azərbaycan Universitetində dərin ehtiramla yad edilir və onların həyat yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnək kimi qəbul olunur.

OTHER NEWS