NEWS

Riyaziyyat və informatika kafedrasında təhsil proqramlarının müzakirəsi təşkil olunub

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasında təhsil proqramlarının müzakirəsi məqsədilə iclas keçirilib. İclasda kafedranın müdiri Rəşad Məstəliyev, kafedranın professor-müəllim heyəti, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Tərcümə və filologiya kafedrasının müdiri Kəklik Gözəlova iştirak edib. 

İclası Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Ardınca çıxış və müzakirələrə başlanıb. 

Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova təhsil proqramlarının müzakirə olunmasının və sillabusların hazırlanmasının təlim və təhsil prosesinin vacib elementlərindən biri olduğunu qeyd edib. Lalə Abasova  bildirib ki, təhsil proqramları tərtib olunarkən seçmə fənlərin təsnifatına diqqət yetirilməli, blok üzrə vacib fənlər seçilməlidir. Bu zaman həmçinin əmək bazarının çağırış və tələbləri gözlənilməli, o cümlədən tələbələrin istəkləri mütləq nəzərə alınmalıdır. 

Tərcümə və filologiya kafedrasının müdiri Kəklik Gözəlova çıxışında təhsil proqramlarının hazırlanması prosesinə əmək bazarının nümayəndələrinin cəlb edilməsinin əhəmiyyətini qeyd edib. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev bildirib ki, İnformasiya təhlükəsizliyi ixtisasının standartı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən hazırlanıb və ixtisası tədris edən bütün ali təhsil müəssisələrinə göndərilib. Bu prosesdə əmək bazarının nümayəndələrinin görüş və təklifləri nəzərə alınıb. Digər ixtisaslar üzrə də görüşlərin təşkili nəzərdə tutulub.  

İclasda təhsil proqramların hazırlanması, seçmə fənlərin müəyyənləşdirilməsində əmək bazarının tələb və ehtiyaclarının nəzərə alınması məqsədiylə müvafiq ixtisaslar üzrə  görüşlər təşkil olunması qərara alınıb, həmçinin digər cari məsələlər müzakirə olunub. 

Qeyd edək ki, Riyaziyyat və informatika kafedrasında bakalavriat səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi ixtisaslarının, magistratura səviyyəsi üzrə isə Kibertəhlükəsizlik və Kompüter mühəndisliyi ixtisaslaşmalarının kadr hazırlığı aparılır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS