NEWS

Azərbaycan Universitetində sağlam həyat tərzinin təbliği və narkomaniyanın zərərləri mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomaniyanın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Sosial işin təşkili kafedrasının müəllimi Mariya Davidova təqdimatla çıxış edib. O, müasir informasiya texnologiyalarının sosial iş sahəsində tətbiqi, xüsusilə sağlam həyat tərzinin təşviqi və narkomaniyanın zərərli təsirləri barədə maarifləndirmə işinin aparılmasında innovativ yanaşmalar haqqında geniş məlumat verib. Qeyd edib ki, rəqəmsal platformalar, sosial media və onlayn kommunikasiya vasitələri bu istiqamətdə təsirli alətlər kimi çıxış edir. Mariya Davidova bildirib ki, müasir dövrdə sosial iş mütəxəssisləri yalnız ənənəvi üsullarla kifayətlənməməli, eyni zamanda informasiya texnologiyalarının yaratdığı imkanlardan maksimum istifadə etməlidirlər.

Tədbirdə real nümunələr əsasında müzakirələr aparılıb, həmçinin tələbələr maarifləndirmə kampaniyalarının hazırlanması, hədəf qruplarla effektiv ünsiyyətin qurulması və preventiv tədbirlərin təşkili istiqamətində praktiki biliklər qazanıblar.

Sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün interaktiv formada təşkil olunan tədbirdə tələbələrin aktiv iştirakı təmin edilib və onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. 

Tədbirin əsas məqsədi gələcək sosial iş mütəxəssislərinin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onların cəmiyyət üçün daha effektiv maarifləndirmə fəaliyyəti həyata keçirməsinə dəstək olmaqdır.

Qeyd edək ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS